2023-cü ildə fəsillərin Azərbaycana daxil olma vaxtı Noy 30, 2022 | 10:11 / ASTRO TƏQVİMLƏR

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2023-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edir:

Yaz fəsli - Yaz gecə-gündüz bərabərliyi - 21 Mart  saat 01:24. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək göy ekvatorunu kəsir və cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Həmin andan şimal yarımkürəsində yaz fəsli başlayır.

Yay fəsli - Yay günəşduruşu - 21 İyun saat 18:57. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san  olacaq.

Payız fəsli - Payız gecə-gündüz bərabərliyi - 23 Sentyabr  saat  10:49. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək göy ekvatorunu kəsir və şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Həmin andan şimal yarımkürəsində payız fəsli başlayır.

Qış fəsli - Qış günəşduruşu - 22 Dekabr saat 07:27. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san  olacaq.

Qeyd edək ki, 7 iyul saat 00:07-da Yer Günəşə ən uzaq - 152 098 232 km məsafədən (afeli), 4 yanvar saat 20:17-də isə Günəşə ən yaxın - 147 098 290 km məsafədən (periheli) keçəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.