Rəsədxanada doktorluq müdafiəsi keçirilib Noy 21, 2022 | 12:11 / İCLASLAR

18 noyabr 2022-ci il tarixində AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) nəzdində fəaliyyət göstərən BED 3.05 birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib. İclasda dünya miqyasında tanınmış xarici və yerli astrofiziklərdən təşkil olunmuş Dissertasiya Şurası üzvləri ilə yanaşı, ixtisasçı mütəxəssislər də iştirak edib.

Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun sədrliyi altında baş tutan iclasda Şamaxı Astrofizika Rəsədxanasının "Ulduz atmosferləri və maqnetizm" şöbəsinin böyük elmi işçisi, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Səmədov Zahir Ağamurad oğlunun 2108.01- “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə astronomiya elm sahəsində elmlər doktoru dərəcəsi almaq üçün təqdim etdiyi “A-G spektral sinifli ulduzların fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda dissertasiya işinin müdafiəsi olub.

Dissertasiya işinin nəticələri Dissertasiya Şurasının üzvləri tərəfindən maraqla qarşılanıb. Mütəxəssislərin çoxsaylı sualları iddiaçı tərəfindən yüksək peşəkarlıqla cavablandırılıb.

Müdafiə üçün təqdim olunan iş Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilib və sonda gizli elektron səsvermə yolu ilə iddia edilən elmi dərəcənin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması yekdilliklə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.