Rəsədxana əməkdaşları Estoniyada elmi ezamiyyətdədir Okt 19, 2022 | 14:10 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına ŞAR-ın əməkdaşları - “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri Canməmməd Rüstəmov, elmi işçi Aynurə Həsənova və elmi işçi Şəbnəm Ağayeva Estoniyanın Tartu Rəsədxanasında uzunmüddətli elmi ezamiyyətdədir.

Ezamiyyət zamanı A.Həsənova və Ş.Ağayeva IRAF proqram paketi ilə spektrləri işləməyi mənimsəmək məqsədi ilə kurslara cəlb olunublar. ŞAR-ın 2-m teleskopunda alınmış spektral materialın və 60-sm teleskopunda alınmış fotometrik materialın Tartu Rəsədxanası əməkdaşları ilə birgə işlənilməsi, alınmış nəticələrin birgə interpretasiyası və sonda birgə elmi məqalələrin çap etdirilməsi istiqamətində işlər aparılır.

ŞAR əməkdaşları Tartu Rəsədxanasının elmi seminarında və digər tədbirlərdə fəal iştirak edirlər. 18 oktyabr 2022-ci il tarixində Ş.Ağayeva Tartu Rəsədxanasının elmi seminarında “Tutulan qoşa ulduz sistemlərində Rositter-MakLaflin effekti” mövzusunda məruzə ilə çıxış edib. Şeminar maraqla dinlənilib və sonda verilən suallar cavablandırılıb.

Qeyd edək ki, ŞAR əməkdaşlarının ezamiyyə xərcləri Avropa İttifaqı tərəfindən HORİZON 2020 İnnovasiya qrant layihəsi tərəfindən maliyyələşdirilən 823734 saylı Marie-Sklodovska-Küri Qrant Sazişi çərçivəsində ödənilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.