Rəsədxanada beynəlxalq elmi konfrans keçirilib Okt 17, 2022 | 11:10 / KONFRANSLAR

12-14 oktyabr 2022-ci il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə Zoom platforması üzərindən "Alive space: from Planets to Galaxies" adlı onlayn Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Amerika Birləşmiş Ştatları, Almaniya, Belçika, Türkiyə, Brazilya, Rusiya, Hindistan, Ukrayna, Çexiya, Gürcüstan, Litva və Azərbaycandan olan məhşur astrofizik alimlər iştirak edib.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq konfrans iştirakçılarını salamlayıb, konfransın işinə müvəffəqiyyət arzulayıb və qarşılıqlı elmi əlaqələrin inkişaf etdirilməsində belə elmi tədbirlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, müasir dövrdə elmi-texniki tərəqqi astrofizika elminin inkişafına sürətli təkan verir. Hazırda müxtəlif  kosmik missiyalar tərəfindən əldə olunmuş dəyərli məlumatlar göy cisimləri haqqında biliklərimizi zənginləşdirməklə yanaşı, yeni elmi tədqiqatlara da yol açır. Bu baxımdan əminliklə qeyd etmək olar ki, istər nəzəri, istərsə də eksperimental elmi yeniliklərlə bağlı təcrübələrimizi bölüşmək gələcəkdə birgə tədqiqatların aparılmasına, eləcə də mühüm elmi nailiyyətlərin əldə olunmasına geniş imkanlar açacaq. Bundan başqa konfransda təcrübəli mütəxəssislərlə yanaşı gənc tədqiqatçılar da iştirak edir ki, bu sahənin aparıcı mütəxəssisləri tərəfindən təqdim edilən məruzələr xüsusilə də gənc alimlərin gələcək elmi tədqiqat işlərində faydalı olacaqdır. 

Açılış nitqindən sonra konfransın elmi sessiyasına keçid edilib. Ümumilikdə 6 elmi ssesiyadan ibarət konfransda 3 gün ərzində 50-yə yaxın məruzə edilib. Məruzələr “Günəş fizikası və Yer-Günəş əlaqələri”, “Günəş sistemi cisimləri”, “Ulduzlar”, “Aktiv nüvəli qalaktikalar” adlı mövzuları əhatə edib.

Konfrans tədbir iştirakçılarının təşkilatçılara təşəkkür nitqlərindən sonra işini başa vurub.

Qeyd edək ki, konfransa təqdim edilən elmi-məruzələrin tezisləri ilə tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.