Rəsədxananın gənc alimləri tərəfindən "Ümumdünya Kosmos Həftəsi" ilə əlaqədar silsilə seminarlar keçirilib Okt 11, 2022 | 11:10 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Ümumdünya Kosmos Həftəsi  kosmik fəzanın araşdırılmasına həsr olunan beynəlxalq səviyyəli tədbirlərdən biridir. Hər il 90-dan çox ölkədə, o cümlədən Azərbaycanda "Ümumdünya Kosmos Həftəsi" layihəsi daxilində müxtəlif tədbirlər keçirilir. 

4-10 oktyabr 2022-ci il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının gənc alimləri tərəfindən "Ümumdünya Kosmos Həftəsi" çərçivəsində Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərində silsilə elmi-populyar seminarlar təşkil edilib.

Seminarlarda Ümumdünya Kosmos Həftəsinin tarixçəsi, o cümlədən kosmik tədqiqatlarla bağlı bəşəriyyətin bu günə qədər keçdiyi inkişaf yolu və perspektiv kosmik araşdırmalar haqqında geniş məruzələr edilib, iştirakçıları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.

Seminarların təşkil olunduğu təhsil müəssisələrinin - S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, N.Tusi adına 173 nömrəli tam orta məktəb, A.Rəhimov adına 247 nömrəli tam orta məktəb və S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın rəhbərliyi və müəllim heyəti də tədbirlərdə iştirak edib, elm və təhsilin inteqrasiyasına töhfə verən bu cür maraqlı tədbirlərə görə Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyinə təşəkkür ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.