Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Okt 07, 2022 | 15:10 / SEMİNARLAR

Oktyabr ayının 7-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Elmi Kitabxana müdiri Lalə Səlimzadə  “Ənənəvi kitabxanaçılıqdan elektron kitabxana mərhələsinə keçid. Data bazalar” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə ənənəvi və elektron kitabxanalar haqqında geniş məlumat verilib. Dünyanın zəngin kitabxanalarında daha çox tətbiq olunan ARBİKON və LİBNET mərkəzləşdirilmiş kataloqlaşdırılma bazalarından istifadə edilərək, ŞAR Elmi Kitabxanasının fondlarında astronomiya və astrofizikaya aid rusdilli ədəbiyyatların verilənlər bazasına avtomatik yüklənməsindən bəhs edilib.

Eyni zamanda beynəlxalq elmi platformalar haqqında, bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, data bazalara çıxış imkanları, xüsusilə Scopus data bazası haqqında geniş məlumatlar verilib.  Seminar iştirakçılarına açıq giriş jurnallarına çıxış imkanları, eyni zamanda elmi məqalələrin hazırlanması barədə məlumatlar verilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.