Rəsədxana əməkdaşı beynəlxalq konfransda iştirak edib Okt 03, 2022 | 10:10 / KONFRANSLAR

28-30 sentyabr 2022-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” adlı beynəlxalq elmi konfrans başa çatıb.

Konfrans “Xaos və qeyri-xətti dinamika”, “Aşağı ölçülü domenlərdə qeyri-xətti təkamül tənlikləri”, “Solitonlar və kvant damcıları”, “Mürəkkəb şəbəkələr və şəbəkə dinamikası”, “Nanoölçülü sistemlərdə mürəkkəb hadisələr”, “Statistik fizika və onun tətbiqləri”, “Kvant elmində mürəkkəb hadisələr”, “Epidemiyaların proqnozlaşdırılma və modelləşdirilməsi”, “Astronomiya və astrofizikada mürəkkəb hadisələr” adlı mövzuları əhatə edib.

İtaliya, Türkiyə, Hollandiya, Almaniya, İsrail, Azərbaycan, Gürcüstan və Özbəkistandan olan məhşur nəzəriyyəçi alimlərin qoşulduğu beynəlxalq konfransda AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kiçik elmi işçisi Şahnaz Tağıyeva da iştirak edib.

Şahnaz Tağıyeva konfransın sonuncu günündə "Sonlu temperaturda AdS/KXD-nin yumşaq divar modelində a1 mezon nuklon qarşılıqlı təsir sabiti" mövzusunda məruzə ilə çıxış edib.

Məruzə əsasında sonlu temperaturda yumşaq divar modelində a1 aksial vektor mezon ve nuklon üçün profil funksiyalarının təyini göstərilmiş ve a1 vektor mezonun nuklonla qarşılıqlı təsir sabiti üçün inteqral ifadələr alınmışdır, sonra isə həmin sabitlərin temperaturdan asılıqları göstərilmişdir. Nəticə etibarilə müəyyən edilmişdir ki, qarşılıqlı təsir sabiti temperatur artdıqca azalır, müəyyən temperaturda (200MeV) qarşılıqlı təsirli sabitləri sıfıra bərabər olur. Bu nəticə reallığı əks etdirir, çünki qarşılıqlı təsir sabiti sıfır olduğundan bu temperaturdan sonra adron olmur. Bu temperatur isə AdS/KSN uyğunluğunda konfaynment-dekonfaynment faza keçidinə uyğun gəlir.

Məruzənin sonunda mövzu ətrafında geniş diskusiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.