Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Sen 30, 2022 | 16:09 / ASTRO SEMİNARLAR

Sentyabrın ayının 30-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Səbahəddin Alışov “DN Tau ulduzunun işıq əyrisinin təhlili” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə göstərilmişdir ki, sezon daxilində DN Tau ulduzunun parlaqlığı 0.5 mag dəyişmə verir. Orta illik işıq əyrisi 25 illik xarakterik vaxtla dəyişir. Ulduzun orta illik dəyişmə amplitudu V zolaqda 1 mag qədər ola bilir. Əyridən göründüyü kimi, parlaqlığın dəyişməsində müxtəlif xarakterik vaxtlar müşahidə olunur. Bu da dəyişmələrin müxtəlif mexanizmlər tərəfindən yarandığını göstərir.

Statistik paylanma diaqramlarına əsasən məlum olmuşdur ki, Paylanma U və B süzgəclərində asimmetrik formaya malikdir. R və İ süzgəclərində orta parlaqlığın səviyyəsi böyük intervalda sabit qalır. Bu da onu göstərir ki, ulduz diskinin yaratdığı şüalanma payı nisbətən stabildir. Bu nəticələr onu deməyə əsas verir ki, parlaqlığın dəyişməsinin əsas səbəbi ulduz səthində isti ləkələrin yaranması ilə bağlı ola bilər.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.