NASA-nın DART missiyası planetar müdafiə sınağından uğurla keçib Sen 27, 2022 | 10:09 / ASTRO XƏBƏRLƏR

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) planetimizi mümkün meteorit toqquşmalarından qorumaq üçün hazırladığı “DART” (Double Asteroid Redirection Test) missiyası uğurla tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, 2021-ci ilin noyabr ayında Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi vasitəsilə kosmosa göndərilən qutuvari kosmik zond 11 milyon kilometrlik səyahətdən sonra 2022-ci ilin sentyabrında “Didymos” adlı daha böyük asteroidin orbitində fırlanan “Dimorphos” adlı kiçik asteroidə çırpılaraq onun traektoriyasını dəyişdirməli idi. Əgər “DART” uğurlu olarsa, bəşəriyyət tarixdə ilk dəfə olaraq Günəş sistemindəki obyektin dinamikasını ölçüyə uyğun dəyişmiş olacaqdı.

27 sentyabr 2022-ci il tarixdə yerli vaxtla saat 03:14-də DART kosmik zondu saatda 22 530 km sürətlə təyin olunmuş asteroidlə toqquşaraq missiyanın ilkin mərhələsini tamamlayıb. Kosmik aparatın konstruksiyasında Didymos Reconnaissance and Asteroid Camera (DRACO) adlı naviqasiya kamerası mövcud idi ki, həmin kamera aparatın asteroidə yaxınlaşma prosesi çərçivəsində hər saniyə bir foto çəkərək Yer kürəsinə göndərib. Asteroidlə toqquşmadan sonrakı prosesləri detallı şəkildə izləmək üçün DART aparatından LICIACube (Light Italian for Imaging of asteroid) adlı kubsat (kosmosun tədqiqatı üçün nəzərdə tutulmuş kiçik ölçülü və kub formasında olan süni peyk) ayrılıb. Həmin kubsat toqquşmadan 3 dəqiqə sonra toqquşmanın baş verdiyi kosmik sahənin yaxınlığından keçərək daha bir neçə foto çəkib.

Qeyd edək ki, hazırda Yer kürəsi  üçün təhlükəli hesab edilən ən azı 26 000 asteroid var. Yerlə kəsişən bu yollardan biri belə, çox böyük fəlakətə səbəb ola bilər. DART missiyası da NASA-nın bu obyektlərə qarşı müdafiə axtarışları nəticəsində ortaya çıxıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.