Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib İyl 29, 2022 | 16:07 / TƏDBİRLƏR

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə 25-29 iyul 2022-ci il tarixində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) şagirdlər üçün hazırlıq düşərgəsi keçirilib.

Təşəbbüsün məqsədi Gürcüstanda keçiriləcək “XV Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası”nda  iştirak edəcək Azərbaycan komandasının  olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.

Düşərgədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov tərəfindən olimpiadaya hazırlıq dərsləri keçilib. İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.

Dərslərlə yanaşı düşərgə iştirakçıları ŞAR-ın teleskopları ilə tanış edilib, onlara teleskopların iş prinsipi, teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Şagirdlər həmçinin gecə müşahidələrində də iştirak ediblər.

Sonda təşkilatçılar layihənin həyata keçirilməsində onlara dəstək olan ŞAR-ın baş direktoru  Namiq Cəlilova öz təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.