Müasir eksperimentlər Kainatın mövcudluğunu sual altına alır?! İyl 28, 2022 | 12:07 / ASTRO XƏBƏRLƏR

Müasir fundamental elmin qarşısında duran ən mühüm, başa düşülməsi çətin, lakin çox vacib olan problemlərdən biri ondan ibarətdir ki, Kainatın yaranmasının ilkin mərhələsində antimateriya materiyanı tamamilə məhv etməli idi. Başqa sözlə, əslində yaşadığımız Dünya yaranmamalı idi. Bu problemi həll etmək üçün fiziklər materiya və antimateriyanın xassələri arasında mövcud ola biləcək fərqin axtarışı ilə uzun illərdir ki, məşğul olurlar. Hələ ki, bu sahədə aparılan tədqiqatlarda problemin həlli ilə bağlı heç bir nailiyyət əldə olunmamışdır. Yəni, Dünyanın mövcudluğu müasir biliklərimiz çərçivəsində başa düşüləsi deyildir.

Bütün eksperimentlər və ölçmələr materiya və antimateriya arasında tam simmetriyanın mövcudluğunu sübut edir. Bunu Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) LHC (Large Hadron Collider) qurğusunda aparılan BASE (Baryon-Antibaryon Symmetry Experiment) eksperimentinin nəticələri də sübut edir. Bu isə alimlərdə böyük çaşqınlıq yaradıb. Belə ki, qəbul olunmuş Standart nəzəriyyəyə görə materiyanı təşkil edən elementar zərrəciklər varsa onun antizərrəcikləri də olmalıdır. Gözlənilən o idi ki, bunların arasında asimmetriya olmalı idi. Lakin bu müşahidə olunmur, deməli başa düşülməyən hansısa bir yeni amil vardır.

Bizim başa düşdüyümüz antimateriya təbiətinə görə əsasən dayanıqsızdır və onun materiya ilə istənilən kontaktı anhilyasiyaya, yəni materiyanın yox olmasına və nəticədə sərbəst enerjinin yaranmasına gətirməlidir. Bu fiziki prosesin effektliliyi çox yüksəkdir.

Standart modelə görə Böyük partlayış nəticəsində yaranan materiya və antimateriya eyni miqdarda olmalıdır. Belə olan halda materiyanın anhilyasiyası yaşadığımız qalaktikalar və ulduzlardan ibarət olan Kainatın mövcudluğuna deyil, onun yox olmasına – boşluğa (vakuuma) gətirməlidir.

Son illərdə hidrogen və antihidrogenin tədqiqatları da onlar arasında elə bir ciddi fərqin olmadığını sübut etmişdir. BASE eksperimenti isə proton və antiprotonu müqayisə etmiş və eyni nəticəyə gəlmişdir. Tədqiqatın nəticələri Nature jurnalında dərc olunmuşdur. Beləliklə, fizikləri narahat edən bu problem açıq qalmaqda davam edir.

Problemin həlli üçün üzdə olan ideyalardan biri ondan ibarətdir ki, qravitasiya materiya və antimateriyaya eyni cür təsir edir ya yox? Deməli qravitasiya qüvvəsinin mahiyyəti araşdırılmalıdır. Bu gün də aktual olan problemin aydınlaşdırılması üçün CERN-dəki ALPHA eksperimentindən gözləntilər böyükdür. Çünki müasir elmə görə biz, bizim planet, Günəş, Süd yolu qalaktikası və bütövlükdə Kainatımız mövcud olmamalı idi!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.