Kərim Kərimovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib Noy 20, 2017 | 15:11 / TƏDBİRLƏR

Noyabrın 18-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında görkəmli alim və hərbi xadim, kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, “Şöhrət” ordenli, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycanda səfərdə olan Rusiyanın tanınmış kosmonavtı  Oleq Kotov, AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva  iştirak edib.

Tədbiri N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü  Namiq Cəlilov açaraq qonaqlara rəsədxananın tarixi, fəaliyyət istiqamətləri, teles­kopları və hal-hazırda yerinə yetirilən elmi-tədqiqat işləri barəsində geniş məlumat verib.

Alim qeyd edib ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem-ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi və Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. Bunlardan başqa, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı, astronomiyanın tarixi və sair üzrə də araşdırmalar reallaşdırılır.

Sonra “Rusiyanın pilotlaşdırılmış kosmonavtikasının inkişafı üçün perspektiv proqram” mövzusunda təqdimatla çıxış edən rusiyalı kosmonavt O.Kotov pilotlaşdırılmış kosmik aparatların köməyi ilə kosmik məkanın tədqiqi və öyrənilməsi sahəsində şəxsi təcrübəsindən danışıb.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Bəhram Quluzadə “Kosmonavtika və Azərbaycan” adlı məruzə ilə çıxış edib.

Alim məruzəsində Kərim Kərimovun kosmik aparatların və süni peyklərin yaradılmasında, həmçinin kosmik raket texnikasının inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlərindən danışıb.

Sonda rusiyalı kosmonavt  O.Kotov tədbir iştirakçılarının suallarını cavablandırıb, xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.