Şamaxı Rəsədxanasının əməkdaşları Beynəlxalq Astrofizika seminarında iştirak edib İyl 21, 2022 | 11:07 / SEMİNARLAR

20 iyul 2022-ci ildə Akademik Roald Saqdeyevin rəhbərliyi ilə təşkil olunmuş Beynəlxalq Astrofizika seminarının növbəti iclası keçirilib. Seminar Zoom platforması üzərindən onlayn təşkil olunub. Elmi seminarda AMEA N.Tusi adına Şamaxı Astrofizia Rəsədxanası, Çili Bernard Universiteti, Amerika Birləşmiş Ştatları, Estoniya və Ukraynadan olan astronomlar iştirak edib.

Seminarda Amerika Birşləşmiş Ştatlarından olan astronom alim Edward Shuryak (Stony Brook University) "Kvark-qluon plazma (quark-gluon plasma - QGP) axtarışı və Kiçik və Böyük partlayışlardakı səslər" mövzsunda məruzə edib. O bildirib ki, çox yüksək enerjili nüvə toqquşmaları ilə maddənin yeni fazasını - Kvark-qluon plazmasını yaratmaq fikri hələ 1970-ci illərdə meydana çıxıb. Bu sahədə praktiki tədqiqatlar üçün 2000-ci ildə Brookhavendə Relyativistik Ağır İon Kollayderi istismara verilib. 2010-cu ildən isə Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) da Böyük Adron Kollayderində analoji proqrama qoşulub.

Alim Kvark-qluon plazmanın xüsusiyyətlərinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, nüvə toqquşmaları ilə Böyük partlayışa (Erkən Kainat) bənzər xüsusiyyətlər, səsin yayılması və onların müşahidə edilə bilən siqnalları haqqında danışıb. 

Məruzədən sonra mövzu ətrafında suallar verilib və maraqlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.