Rəsədxanada Kosmos Yay Düşərgəsi keçirilib İyl 04, 2022 | 12:07 / TƏDBİRLƏR

2-3 iyul 2022-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 2016-cı ildən BMT Baş Assembliyası tərəfindən təqvimə salınmış Asteroid gününə həsr olunan  Kosmos Yay Düşərgəsi təşkil olunub. Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Astronomiya təşkilatı, Həvəskar Astronomlar Cəmiyyəti, Kosmologiya komandası və digərlərinin birgə təşkilatçılığı ilə keçirilən düşərgədə 60-a yaxın gənc iştirak edib.

Təşəbbüsün məqsədi elmin təbliği, kosmologiya və astronomiya sevərlərlə ulduzlu səma altında maraqlı elmi müzakirələr edərək iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi olub.

Düşərgə iştirakçılarını ŞAR-ın  “Qalaktikalar  və  ulduz əmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi, Səbahəddin Alışov qarşılayaraq onları rəsədxananın muzeyi ilə tanış edib və muzeydəki ekspanatlar haqqında ətraflı məlumat verib.

Muzeylə tanışlıqdan sonra iştirakçılar, müəyyən edilmiş düşərgə ərazisinə aparılaraq onlar üçün nəzərdə tutulmuş çadırlarda yerləşdirilib.

Sonra düşərgənin proqramına uyğun olaraq iştirakçılara “Melodysheep” elmi kanalının dəstəyi ilə tərcümə olunaraq səsləndirilən “Sürətləndirilmiş gələcək: Kainatın Sonuna Səyahət” filmi nümayiş olunub.

Daha sonra isə ŞAR-ın konfrans zalında elmi müzakirələr mərhələsinə start verilib. Bu mərhələdə rəsədxananın “Qalaktikalar  və  ulduz əmələgəlmə prosesləri” şöbəsinin böyük elmi işçisi Bahadır Abdullayev Kosmologia və Astronomiyanın bir sıra aktual məsələləri -  Böyük partlayış, Kainatın quruluşu, Qara dəliklər, Ekzoplanetlər və s. haqqında məruzə ilə çıxış edib. Böyük marağa səbəb olan məruzənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.

Elmi sessiyanın ardınca kamp ərazisinə qayıdan düşərgə iştirakçıları üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib. Tonqalın ətrafında canlı musiqi dinlənilib, elmi diskusiya aparılıb. Düşərgə iştirakçıları bir sıra yarışlara cəlb olunub və qaiblərə “Parlaq İmzalar Nəşriyyatı” tərəfindən 3 ədəd Stiven Houkinqin "Zamanın Daha Qısa Tarixi" kitabı hədiyyə edilib.

Sonda təşkilatçılar layihənin həyata keçirilməsində onlara dəstək olan ŞAR-ın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova və bu tip tədbirlərdə hər zaman gənclərə dəstək verən Famil Mustafaya təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.