Rəsədxana əməkdaşları Çexiyada seminarda iştirak ediblər İyl 04, 2022 | 11:07 / MÜHÜM HADİSƏLƏR

28 iyun 2022-ci ildə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları Çexiya Respublikası Elmlər Akademiyasının Astronomiya İnstitutunda "Ulduz Astrofizikası" şöbəsinin seminarında iştirak ediblər.

Seminarın əvvəlində həmin instituta işgüzar ezamiyyətə getmiş AMEA ŞAR-ın icraçı direktoru, prof. Nəriman İsmayılov “AMEA ŞAR-da ulduzların tədqiqi: müşahidələr və nəticələr” adlı məruzə ilə çıxış edib. Məruzədə ŞAR haqqında, onun yaradılmasından bu vaxta qədər görülmüş mühüm işlər, aparılan elmi tədqiqatlar, teleskoplar və işıq qəbulediciləri haqqında ətraflı məlumat verilib. Şamaxı Astrofizika Rəsədxanasında ulduz astrofizikası sahəsində aparılmış elmi tədqiqatlar və alınan mühüm elmi nəticələr məlumat diqqətə çatdırılıb.

Məruzəçi çıxışının sonunda hazırda rəsədxanada olan problemlər barəsində də məlumat verib. O, xüsusilə ətraf mühitdə süni işıq mənbələrinin artması və astroiqlimin korlanması məsələsini vurğulayıb.

Seminar iştirakçıları tərəfindən maraqla dinlənilən mərunəzin yekununda mövzu ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Prof. N.İsmayılovun çıxışından sonra Şamaxı Astrofizika Rəsədxanasının gənc tədqiqatçılarından biri, həmin vaxt HORİZON 2020 qrant layihəsinin icrası ilə əlaqədar orada ezamiyyətdə olan ŞAR-ın elmi işçisi Aynur Abdulkərimova da ezamiyyət dövründə  gördüyü işlər haqqında seminarda məruzə ilə çıxış edib.

Seminarın sonrakı mərhələsində Çexiya Respublikası Elmlər Akademiyasının Astronomiya İnstitutu ilə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası arasında mümkün əməkdaşlığın istiqamətləri barədə geniş müzakirə aparılıb. Müzakirələr ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun təklifi əsasında prof. Nəriman İsmayılovun əvvəlcədən hazırlayıb Astronomiya İnstitutunun "Ulduz Astrofizikası" şöbəsinə təqdim etdiyi layihə üzrə aparılıb. ŞAR-ın həmin institutla əməkdaşlığına marağının böyük olması Astronomiya İnstitutunun "Ulduz Astrofizikası" şöbə rəhbərliyi tərəfindən razılıqla qarşılanıb. "Ulduz Astrofizikası" şöbəsinin müdiri Blankiça Kubatova, 2-m teleskopun rəhbəri Miroslav Slechta və digər əməkdaşlar öz çıxışlarında hər zaman ŞAR ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.