Rəsədxana əməkdaşı Çexiyada elmi ezamiyyətdədir İyl 01, 2022 | 09:07 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri, astronomiya üzrə fəlsəfə doktoru Səbinə Məmmədova Çex Respublikasının Ondrejev Astronomiya İnstitutunun dəvəti ilə həmin institutda birgə elmi tədqiqat işləri aparmaq üçün Praqa şəhərində elmi ezamiyyətdədir.

Səfər müddətində Ulduzlar Fizikası kafedrasının əməkdaşları ilə birgə praktiki və nəzəri iş aparılması nəzərdə tutulur. 2 metrlik Perek teleskopunda müşahidələr aparılması, əlavə olaraq avtomatik teleskopda fotometrik məlumatların əldə edilməsi və həmin məlumatlar əsasında birgə məqalələrin yazılması planlaşdırılır.

Qeyd edək ki, ezamiyyə xərcləri “Ekstremal Massiv ulduzların Fizikası” adlı, 823734 nömrəli Mariya-Sklodovskaya-Küri qrant layihəsi çərçivəsində Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı - HORİZON 2020 tərəfindən maliyyələşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.