Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib İyn 23, 2022 | 12:06 / ASTRO SEMİNARLAR

İyun ayının 22-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın "Kosmik plazma və heliogeofiziki problemlərşöbəsinin kiçik elmi işçisi Elista Bayramova "Çox aşağı tezlikli radio siqnaldan istifadə edərək geomaqnit qasırğaların orta en dairəsi üçün ionosferin D təbəqəsinə təsirinin araşdırılması" mövzusunda məruzə ilə çıxış edib.

İşdə 2008-2011-ci illərdə baş vermiş 5 geomaqnit qasırğasının (04 sentyabr 2008, 11 oktyabr 2008, 29 may 2010, 04 avqust 2010, 25 oktyabr 2011) VLF (Very Low Frequency - Çox Aşağı Tezlikli) dalğalarının DLPT depth (D-Layer Preparation Time Depth – D təbəqəsinin yaranma vaxtının dərinliyi) parametrinə təsirinə baxılmışdır. Parametri təyin etmək üçün Anthorn (54.91⁰ şm.e., 3.27⁰ q.u.) şəhərində yerləşən, 19.6 kHs stabil tezlikdə işləyən GBZ ötürücüsündən göndərilən və Şamaxı Astrofizika Rəsədxanasında (40.78⁰ şm.e., 48.59⁰ ş.u) quraşdırılmış AWESOME qəbuldedicisi vasitəsi ilə qəbul edilən siqnalın amplitudundan istifadə edilmişdir.

İki geomaqnit qasırğa hadisəsi üçün (04 sentyabr 2008, 25 oktyabr 2011) DLPT depth parametri qasırğanın əsas fazasında, digər iki qasırğa üçün (29 may 2010, 04 avqust 2011) isə qasırğanın bərpa fazasında artma göstərmişdir, yalnız bir qasırğa hadisəsi üçün (11 oktyabr 2008) qasırğanın əsas fazasında parametrdə azalma müşahidə edilmişdir. DLPT depth parametrinin artması qasırğa zamanı D təbəqəsinin ionlaşma səviyyəsinin artması nəticəsində siqnal amplitudunun azaldığını, yəni siqnalın daha güclü udulmaya məruz qaldığını göstərir. Ümumiyyətlə, hər bir qasırğanın D təbəqəsinə fərqli təsir göstərdiyi aşkar edilmişdir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və çıxışın sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.