Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi münasibətilə tədbir keçirilib Okt 24, 2017 | 12:10 / TƏDBİRLƏR

Oktyabrın 24-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqının mənəvi yaddaşında silinməz izlər buraxan böyük sənətkar Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının nadir ustadlarından, romantizm ədəbi məktəbinin yaradıcılarından biri, milli teatrın inkişafında böyük rol oynayan incəsənət xadimi, əsərləri ilə neçə nəslin mənəvi tərbiyəsini formalaşdıran qüdrətli sənətkar-pedaqoq olub. XX əsrin ən mürəkkəb, ziddiyyətli bir dövründə mübarizə aparan Hüseyn Cavidi ötən əsrin otuzuncu illərinin represiya tufanı həyatdan silsə də, ürəklərdən silə bilmədi. Uzaq Sibirdə vəfat edən Hüseyn Cavidin nəşi Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 45 ildən sonra doğma vətənə gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edildi.

Sonra AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edib. O, Hüseyn Cavidin Ev Muzeyinin Cavid irsinin təbliğı ilə bağlı gördüyü işlərdən danışıb.

Daha sonra çıxış edən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev böyük sənətkar H. Cavidin keşməkeşli  həyat və yaradıcılığından, H.Cavidin qızı Turan Cavidlə bağlı xatirələrindən danışıb.   

Tədbirdə filalogiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd çıxış edərək bildirib ki, bütün türk xalqlarının mənəvi birliyini həyat və sənət idealı seçən Hüseyn Cavid xoşbəxt gələcəyi, azadlığı tərənnüm edən sənətkar idi. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək üçün dərslik kitabıdır".

Alim vurğulayıb ki, dünya ədəbiyyatında özünəməxsus və təkrarolunmaz yer tutan Hüseyn Cavid yaradıcılığına maraq tükənməz olduğu kimi, onun yaradıcılıq yolu da sonsuzluğa doğru uzanır. 

Tədbirdə çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi,  Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Bəhram Quluzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə H.Cavidin Azərbaycan ədəbiyyatı tarixindəki  mühüm rolundan, şair və dramaturq, istedadlı pedaqoq kimi özünəməxsus yaradıcılığından söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.