Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib İyn 17, 2022 | 14:06 / ASTRO SEMİNARLAR

İyun ayının 17-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Cənnət Səmədov “Qravitasiya dalğalarının kəşfi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsindən, fəza-zaman bükülmələrindən və bu nəzəriyyənin bir əsr öncədən verdiyi proqnozlardan danışıb. Eyni zamanda LİGO və Virgo interferometrlərinin daxili strukturu və iş prinsipi izah olunub. Qara dəliklər və Neytron ulduzlar kimi kompakt obyektlərin hansı halda qravitasiya dalğalammasına səbəb ola biləcəyi barəsində məlumat verib. O, həmçinin obyektlərin Elektromaqnit dalğalarla yanaşı qravitasiya dalğaları vasitəsilə öyrənilməsinin astrofiziki əhəiyyətindən, "GRANDMA" layihəsindən sohbət açıb.  Sonda isə qravitasiya dalğalarının müşahidəsinin "Standart Model" və qarşılıqlı təsirlərin təbiətinin öyrənilməsi baxımından əhəmiyyəti barəsində geniş müzakirə aparılıb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.