Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib İyn 10, 2022 | 12:06 / ASTRO SEMİNARLAR

İyunun 10-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin kiçik elmi işçisi Arzu Orucova T CrB simbiotik ulduzunun 2017-2021 illər ərzində  Hα  xəttinin tədqiqi mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə T CrB simbiotik ulduzunun, 2017-2021-ci illər ərzində ARAS spektral verilənlər bazasından istifadə edərək T CrB ulduzunun 21 spektrinə görə 2017-2021–ci illər üçün Hα xəttinin profilinin qoşa sistemin orbital hərəkətindən asılı olaraq dəyişməsinə baxılmışdır. Məruzəçi qeyd edib ki, spektrlər DECH30 proqramı vasitəsilə standart metodlar əsasında emal edilib (R=λ/Δλ=11000-14000). Fazadan asılı olaraq profilin dəyişməsini izləmək üçün qırmızı nəhəngin udulma xətlərinin şüa sürətlərinə görə Fekelin məlumatları əsasında V filtrində ulduz ölçüsünün və orbital hərəkətin faza diaqramı qurulub. Qoşa sistemin orbital konfiqurasiyasından asılı olaraq bəzi fazalarda Hα xəttinin profillərində qoşa komponentli struktur aşkar edilib.

Arzu Orucova bildirib ki, qoşa pikli profillər orbital fazanın 0.40-0.80 qiymətlərində, Ağ Cırtdanın müşahidəçiyə tərəf olan vəziyyətində müşahidə olunur. Fazanın 0.90-0.30 qiymətlərində isə Hα xətti tək komponentli struktur göstərir. Profillərdə qoşa komponentli strukturun yaranma səbəbinin izahı ulduzun orbital hərəkəti ilə izah edilir. 

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.