Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib İyn 09, 2022 | 14:06 / SEMİNARLAR

İyun ayının 8-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn seminar keçirilib.

Seminar Avstraliya Astronomiya Rəsədxanasının (AAR) professoru Endryu Hopkins (Andrew Hopkins) ilə rəsədxana elmi işçilərinin tanışlıq və əməkdaşlıq mövzusuna həsr olunub. Əməkdaşlıq üçün təşəbbüs professor Hopkins tərəfindən olmuşdur. 
Seminarın əvvəlində prof. Hopkins çıxış edərək AAR-da olan cihazlar və teleskoplar haqqında məlumat verib. O, bildirib ki, astronomik cihazqayırma və innovativ texnika sahəsində çalışır və məhz bu istiqamətdə AAR tərəfindən dünyanın əksər böyük rəsədxanalarındakı teleskoplar üçün, hətta VLT və Subaru kimi 8 və 10 m-lik teleskoplar üçün infraqırmızı oblastda işləyən interferometrlər və proqram təminatı yaradılmışdır. 
Sonra ŞAR-ın aparıcı alimləri AMEA-nın müxbir üzvü Namiq Cəlilov, prof. Nəriman İsmayılov, dosent Canməmməd Rüstəmov və Ədalət Ətayi rəsədxananın mövcud müşahidə cihazları və teleskopları haqqında məlumatlar veriblər. 
N.İsmayılov gələcəkdə Kəlbəcərdə qurulması planlaşdırılan yeni müşahidə stansiyası haqqında planlardan, ola bilsin infrastruktur qurulduqdan sonra müəyyən cihaz və teleskopların sifariş edilə biləcəyindən də danışıb. 
Maraqla qarşılanan seminarın sonunda hər iki tərəfdən görüşlərin və kontraktların davam etdirilməsinə qərar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.