Qalaktikamızın mərkəzindəki qara dəliyin təsviri alınıb May 13, 2022 | 10:05 / ASTRO XƏBƏRLƏR

May ayının 12-də astronomlar bizim qalaktikamızın mərkəzində yerləşən Sagittarius A (Sgr A*) adlı superkütləli qara dəliyin ilk şəklini ictimaiyyətə təqdim edib.

Sözügedən təsvir Event Horizon Telescope (EHT) Collaboration adlı qlobal tədqiqat qrupu tərəfindən hazırlanıb.

Qara dəliyin birbaşa özünü müşahidə etmək mümkün olmasa da, ətrafındakı qazın parlaqlığının və strukturunun dəyişməsi Qalaktikanın mərkəzində Günəşdən 4 milyon dəfə daha massiv qara dəliyin olmasına işarə edir.

Qeyd edək ki, ilk dəfə 2019-cu ildə EHT tərəfindən M87* qalaktikasının mərkəzindəki qara dəliyin təsviri alınmışdı. Lakin bu dəfə təsvir daha çətinliklə alınmışdır. Çünki Sgr A* bizə daha yaxındır və ölçüsü M87* qalaktikasından xeyli kiçikdir. Qara dəliyin ətrafında qazın sürəti demək olar ki, işıq sürətinə yaxındır. Nəticədə M87* qalaktikasında qazın tam bir dövrə vurması üçün bir neçə gündən bir neçə həftəyə qədər vaxt tələb olunurdusa, bizim qalaktika üçün bu period saniyələrə bərabərdir ki, bu da təsvirin alınmasını xeyli çətinləşdirirdi. Çünki qazın parlaqlığı və strukturu saniyələr içərisində dəyişirdi.

Tədqiqatçılar Sgr A* ətrafında qazın hərəkətini nəzərə alan mürəkkəb yeni qurğular hazırlayaraq bu təsviri almağa müvəffəq olublar. Dünyanın 80 institundan 300-dən çox əməkdaşın birgə səyi nəticəsində ərsəyə gəlmiş təsvirdə qara dəliyin akkresiya diskini görmək mümkündür ki, məhz həmin akkresiya diski güclü şüalanma mənbəyidir. Astronomlar sinxronlaşdırılmış radio-teleskoplar şəbəkəsi vasitəsilə həmin şüalanmaları aşkar edə biliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.