Rəsədxana əməkdaşı Çexiyada elmi ezamiyyətdədir May 06, 2022 | 11:05 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Aynur Abdulkərimova Çex Respublikasının Ondrejev Astronomiya İnstitutunun dəvəti ilə həmin institutda birgə elmi tədqiqat işləri aparmaq üçün Praqa şəhərində elmi ezamiyyətdədir.

Səfər müddətində sintetik spektr qurmaq üsulundan istifadə etməklə müxtəlif qalaktikalarda olan Volf-Raye (WR) tipli ulduzların fiziki parametrlərinin təyini, bizim qalaktikada WR tipli ulduzların fəza paylanması və bu tip ulduzların əmələ gəlməsində onların formalaşdığı ulduzlararası mühitin “metallikliyi”nin rolunun araşdırılması üzrə elmi-tədqiqat işləri aparılacaqdır.

Qeyd edək ki, ezamiyyə xərcləri “Ekstremal Massiv ulduzların Fizikası” adlı, 823734 nömrəli Mariya-Sklodovskaya-Küri qrant layihəsi çərçivəsində Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı - HORİZON 2020 tərəfindən maliyyələşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.