"Kosmonavtika Günü" ilə bağlı ali məktəblərdə silsilə seminarlar təşkil edilib Apr 14, 2022 | 10:04 / SEMİNARLAR

11-13 aprel tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Bakı və Şamaxı filialları, Azərbaycan Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində "Ümümdünya Aviasiya və Kosmonavtika Günü"nə həsr olumuş "Kosmosa açılan pəncərə" adlı elmi-populyar seminar keçirilib.

Seminarlarda kosmonavtikanın tarixi, kosmik uçuşlar və kosmik teleskoplar, Azərbaycanda Astronomiyanın inkişaf yolu, Astronomiyanın müasir tədqiqat istiqamətləri, əlamətdar astronomik hadisələr, o cümlədən Qara dəliklər və qaranlıq materiya haqqında maraqlı məlumatlar diqqətə çatdırılıb. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova, həmçinin elmi işçilər Səbahəddin Alışov, Əminə Hümbətova, Aysel Rüstəmova, Cənnət Səmədov, Zümrüd Binnətova, Aytac İskəndərova və Nurlan Şərəfxanovun təqdim etdiyi məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Çıxışların yekununda məruzə edilən mövzular ətrafında diskusiya aparılıb və seminar iştirakçılarına maraqlı olan suallar cavablandırılıb.

Seminarların təşkil olunduğu ali təhsil müəssisələrinin rəhbərliyi və müəllim heyəti də tədbirlərdə iştirak ediblər. ADPU-nun Şamaxı filialının direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova, ADPU "Fizika" fakultəsinin dekanı fizika elmləri doktoru Arzu Daşdəmirov, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru riyaziyyat elmləri doktoru, prefessor Yusif Qasımov, ADİU-nun "Rəqəmsal iqtisadiyyat" fakultəsinin dekanı texnologiya üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərov, ADİU 3 saylı kitabxananın müdiri Nərminə Abdullayeva elmin kütləviləşdirilməsi, təbliği və təşviqinə töhfə verən maraqlı tədbirlərə görə Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyinə təşəkkür ediblər və bu istiqamətdə Rəsədxana ilə əməkdaşlıın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, 1961-ci ilin 12 aprelində bəşər tarixində ilk dəfə olaraq Yuri Qaqarin Sovet İttifaqının Baykonur start məntəqəsindən Vostok gəmisi ilə kosmosa çıxıb, 108 dəqiqəlik uğurlu uçuşdan sonra Yerə qayıdıb. Məhz bu əlamətdar hadisə ilə əlaqədar həmin uçuş günü dünyanın bir çox ölkəsində “Ümumdünya Aviasiya və Kosmonavtika Günü” kimi qeyd olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.