Neyron şəbəkəsi Günəşdə gizli turbulent hərəkəti aşkar etməyə imkan verəcək Mart 01, 2022 | 16:03 / ASTRO XƏBƏRLƏR

Alimlər Günəşin müşahidələri əsasında turbulent hərəkət haqqında məlumat əldə etmək üçün neyron şəbəkəsi metodunu hazırlayıblar.

"Astronomy and Astrophysics" jurnalında dərc olunan elmi məqalədə qeyd olunur ki, müxtəlif verilənlər bazası üzərində aparılan araşdırmalara görə, üfüqi hərəkət haqqında informasiyanı temperaturun verilənlər bazasını emal etməklə və şaquli hərəkət vasitəsilə almaq mümkündür. Bu üsul Günəş fizikası ilə məşğul olan elm adamları üçün çox faydalı olacaq və plazma fizikası, nüvə fizikası və maye dinamikası da daxil olmaqla fizika elminin digər sahələrində də istifadə oluna bilər.

Günəş bərpa olunan enerji mənbəyi və istilik-nüvə reaktorunun təbii nümunəsi kimi mühüm rol oynasa da, ulduzumuzun tədqiqi məlumat toplama imkanları ilə məhdudlaşır. Günəş plazmasının temperaturu və şaquli hərəkəti haqqında məlumat əldə etmək kifayət qədər etibarlı olsa da, plazmanın üfüqi hərəkəti haqqında məlumat toplamaq xeyli çətindir.

Bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasında Retaro İşikavanın rəhbərlik etdiyi tədqiqatçılar qrupu neyron şəbəkəsi modeli yaradaraq, onun turbulent plazmasının verilənləri əsasında modelləşdirilmiş 3 müxtəlif neyron şəbəkəsi dəstini hazırlayıblar. Təlimlərdən sonra neyron şəbəkəsi şaquli plazma hərəkəti və plazma temperaturu məlumatlarına əsaslanaraq plazmanın üfüqi hərəkət məlumatlarını düzgün hesablayıb.

Plazmada böyük miqyasda üfüqi turbulent hərəkətinin təhlilindən daha kiçik ölçülərə  keçməyə çalışdıqda, hesablamaların dəqiqliyində azalma müşahidə olunur. Hazırda tədqiqatçılar öz metodlarını universal etmək üçün miqyas problemini həll etməyə çalışırlar. Bu üsul gələcəkdə SUNRISE-3 teleskopu ilə aparılan yüksək ayırdetməli Günəş müşahidələrini təhlil etmək, həmçinin yeni enerji mənbələri axtaran nüvə fiziklərinin laboratoriyada əldə edilən plazmaları öyrənmək üçün istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.