Rəsədxanada vikipediya təlimlərinə start verilib Fev 10, 2022 | 14:02 / MÜHÜM HADİSƏLƏR

10 fevral 2021-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) gənc alim və mütəxəssislər üçün Vikipediya redaktorluğu üzrə onlayn təlimlərə start verilib.

Vikipediyada elmi məqalələrin yerləşdirilməsi və redaktəsinə dair bilik və bacarıqların formalaşdırılması məqsədi daşıyan təlim ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova tərəfindən keçirilib.

"ZOOM" platforması üzərindən təşkil olunan onlayn təlimdə Aynurə Həsənova “Vikipediyadan istifadə qaydalari və məqalə yaratmaq” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında Vikipediyanın problemləri və perspektivləri, əsas prinsipləri haqqında danışıb. O, Vikipediyada ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları, onların monitorinqi, şablonlar və mənbələrdən istifadə qaydaları, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yolları barədə təlim qrupuna geniş məlumat verib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə AMEA Mərkəzi Elmi Kitabxanasının VİKİ-TƏLİM materiallarından istifadə olunmuşdur. Viki-təlimlərin il sonunadək qruplar üzrə davamlı təşkili nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.