Ceyms Vebb teleskopu Loqranj nöqtəsinə yaxınlaşır Yan 12, 2022 | 15:01 / ASTRO XƏBƏRLƏR

Ötən ilin son günlərində (25 dekabr, 12:20 UTC) NASA tərəfindən Arian (Ariane) 5 raketi vasitəsilə kosmosa göndərilən Ceyms Vebb (James Webb Space Telescope, JWST) kosmik teleskopu təyin olunan nöqtəyə yaxınlaşır.

Qeyd edək ki, Yerətrafı orbitində korreksiyadan sonra teleskopu daşıyan peyk Günəşlə Yer arasında yerləşən L2 Laqranj nöqtəsinə doğru hərəkət etməkdədir. Bu bu nöqtə Yerdən 1.5 milyon km məsafədə yerləşir.

Ceyms Vebb kosmik teleskopu orbital infraqırmızı rəsədxana olub kosmosa indiyədək çıxarılan ən böyük güzgülü teleskopdur. Onun güzgüsünün diametri 6.5 m-dir. Güzgü bütöv deyil, 18 ədəd 6-bucaqlı seqment şəklində hazırlanmışdır. Güzgülər orbitə çıxarıldıqdan sonra lazımi formada açılır və böyük bir bütöv güzgü əmələ gətirir. Belə güzgü kosmosda işləyən və güzgüsünün diametri 2.4 m olan Habble teleskopundan 5.6 dəfə çox şüalanma toplaya bilir. Teleskopun müşahidə proqramına Günəş sisteminə daxil olan planetlər və kiçik cisimlər, ekzoplanetlər və protoplanet diskləri, qalaktikalar, qalaktika topaları və kvazarlar daxildir. Buraxıldıqdan 6 ay sonra teleskop təyin olunmuş müşahidə proqramı üzrə müşahidələrə başlayacaqdır.

NASA-nın "Yeni Nəsil Kosmik Teleskoplar" proqramı çərşivəsində Avropa kosmik Agentliyi və Kanada Kosmik Agentliyi ilə birgə layihəsi olan Ceyms Vebb teleskopunun yaradılmasına 2013-cü ildə 626.7 milyon dollar büdcə təyin olunmuş, sonradan layihəyə qoyulan sərmayə dəfələrlə artırılmışdır. 2018-cu ildə büdcə 9.66 milyard dollar təşkil etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.