Kosmik obyektdə sürətli radio alışmalar qeydə alınıb Noy 05, 2021 | 15:11 / MÜHÜM HADİSƏLƏR

Astronomlar qısa zaman periodunda  kosmosa 1652 dəfə yüklü zərrəcik seli yayan obyekt müşahidə edib.

Hər püskürmə  təxminən Günəşin bir il ərzində istehsal etdiyi enerjiyə bərabərdir. Bu partlayışlar sürətli radio alışmalar  adlanır. (Fast Radio Bursts, FRB)  Bu cür radioimpulslar  bir neçə millisaniyə davam edir və xüsusi teleskoplar tərəfindən qeydə alına bilir. Bu qeyri-adi hadisə ilk dəfə 2007-cil ildə qeydə alınmışdır və sonradan FRB-lər  tez-tez təkrarlandı.

Bəzi FRB-lərin yalnız bir dəfə partlaması qeyd olunmuşdur (period böyük olduğuna görə və ya daimi müşahidəər aparılmadığına görə), digərləri isə periodik təkrarlanır.

3 milyard işıq ili uzaqlıqdakı cırtdan qalaktikada yerləşən FRB 121102 adlı obyekt  müəyyən vaxt ərzində təkrarlanan siqnallar yayır.  FRB 121102-ni daha yaxşı öyrənmək üçün Las-Veqasdakı Nevada Universitetinin alimləri Çində yerləşən  FAST teleskopundan istifadə ediblər. Araşdırma  haqqında “Live Science” jurnalında məqalə dərc edilib.

Tədqiqatçılar  teleskopun köməyi ilə təqribən 60 saat ərzində FRB 121102-nin 1652 siqnal verdiyini müşahidə ediblər.  Bu fenomen əvvəllər məlum olan sürətli radio partlayışlarından dəfələrlə çoxdur.

Əksər FRB-lər bizdən çox uzaqda yerləşir, bu da onların öyrənilməsini çətinləşdirir. Lakin 2020-ci ildə astronomlar bizim qalaktikamızda sürətli radio partlayışı aşkar etdilər. Bu, onlara FRB mənbəyinin maqnetar – son dərəcə güclü maqnit sahəsinə malik neytron ulduzu olduğunu müəyyən etməyə imkan verdi.

Əgər FRB 121102-nin mənbəyi də maqnetardırsa, o zaman elm adamları tərəfindən toplanmış məlumatlara görə,  partlayışların ulduz ətrafındakı qaz və tozda deyil, birbaşa ulduzun öz səthində baş verdiyini düşünmək  olar. Montrealda yerləşən Makil Universitetinin əməkdaşı Viktoriya Kaspi deyir: "Nədənsə, bu mənbə çox yaxşı partlayır və bu onun mövcudluğu çərçivəsində adi bir haldır".

Bu günə alınan  məlumatlar FRB 121102-nin maqnetar olması variantını dəstəkləsə də, nəticələr dəyişə bilər, tədqiqat hələ də davam edir. Keçən il qalaktikamızda kəşf edilən maqnetarda isə  belə qısa periodlu partlayışlar müşahidə olunmur. Bu, onun daha yaşlı olması ilə əlaqələndirilir  və  güman olunur ki. daha gənc maqnetarlarda FRB 121102-də müşahidə olunan partlayışlar təsdiqlənəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.