Şamaxı Astrofizika Rəsədxanasında Dissertasiya Şurasının elmi seminarı keçirilib Okt 26, 2021 | 14:10 / SEMİNARLAR

25 oktyabr 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizia Rəsədxanasının (ŞAR) nəzdində fəaliyyət göstərən BED 3.05  Dissertasiya Şurasının Elmi Seminarının qismən onlayn (hibrid) iclası keçirilib.

Elmi Seminarda AMEA N.Tusi adına ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f.r.ü.f.d., dosent, Canməmməd Nizam oğlu Rüstəmovun “Təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri” mövzusunda 2108.01 - “Astrofizika, ulduz astranomiyası” ixtisası üzrə astronomiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi müzakirə edilib. Müzakirədə Elmi Seminarın 11 üzvü, o cümlədən f.r.e.d., professor, Ukrayna ali məktəb EA həqiqi üzvü, Odessa Dövlət Universitetinin Astrofizika Rəsədxanasının direktoru Andriyevskiy Sergey Mixayloviç, Gürcüstan Respublikasının Abastuman Astrofizika Rəsədxanasının böyük elmi işçisi, f.r.e.d., dosent,  Revaz Çiqladze Aleksandroviç, akademik, f.r.e.d., professor, Cavad Şahvələd oğlu Abdinov, AMEA müxbir üzvü, f.r.e.d., professor, Kazımzadə Aydın Həsən oğlu, AMEA müxbir üzvü, f.r.e.d., professor Oktay Kazım oğlu Qasımov və ŞAR-ın, BDU-nun və Batabat rəsədxanasının və Avropa Nüvə tədqiqatı mərkəzinin (CERN) əməkdaşları iştirak ediblər.

İclası Elmi Seminarın sədri f.r.e.d., professor, N.Z.İsmayılov açaraq iddiaçı haqqında giriş məlumatlarını iştirakçıların diqqətinə çatdırıb.

Sonra isə iddiaçı C.N. Rüstəmov dissertasiyanın məzmununu məruzə edərək, mövzunun aktuallığı, işlənmə dərəcəsi, elmi və praktiki əhəmiyyəti, dissertasiyanın həcmi və quruluşu, mövzu istiqamətində çap olunmuş elmi məqalələr barədə məlumat verib.

Seminar üzvləri tərəfindən iddiaçıya çoxlu suallar verilib və dissertasiya işinin dəyərləndirilməsi üçün geniş müzakirələr aparılıb. Dissertasiyanın müzakirəsi zamanı tərtibatda buraxılmış bir sıra nöqsanlar qeyd edilməklə yanaşı, alınan nəticələr yüksək qiymətləndirilib.

Sonda seminar üzvləri yekdil səslə dissertasiya işini müdafiəyə çıxarmaq təklifini qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.