Beynəlxalq konfrans öz işini uğurla başa vurdu Okt 06, 2021 | 14:10 / KONFRANSLAR

Şamaxı Astrofizika Rəsədxanasında akademik Hacıbəy Sultanovun 100 illik yubileyi münasibəti ilə keçirilən “Günəş sistemi cisimlərinin fizika və dinamikasının tədqiqində müasir istiqamətlər” adlı beynəlxalq konfrans işini uğurla başa vurub.

İlk gün açılış hissədə xüsusi dəvətlilərin iştirakı ilə yarım əsrdən çox tarixi olan Şamaxı Astrofizika Rəsədxananının qurucusu Hacıbəy Sultanovun xatirəsi hörmətlə anılıb və daha sonra konfrans öz işini elmi seksiyalar üzrə davam etdirib. Onlayn formatda təşkil olunmuş beynəlxalq konfransın elmi hissələrində iki gün ərzində müxtəlif ölkələrdən olan astronom alimlər tərəfindən planetlər, peyklər, asteroidlər və kometlər haqqında maraqlı elmi məruzələr edilib. Məruzələrin mövzusu ətrafında geniş elmi diskusiyalar aparılıb, suallara aydınlıq gətirilib və müxtəlif təkliflər səsləndirilib.

Konfransda çıxış edən yerli və xarici astronomlar elmi təcrübələrin mübadiləsi və beynəlxalq əməkdaşlıq üçün bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb, bu istiqamətdə rəsədxana rəhbərliyinin gördüyü işləri yüksək qiymətləndiriblər.

Tədbirin sonunda AMEA Rəyasət Heyyətinə təqdim etmək üçün konfransın qərar layihəsi qəbul edilib. Qərar layihəsinin müddəalarına əsasən kiçik planetlərdən birinə akademik Hacıbəy Sultanovun adının verilməsi, Rəsədxananın muzeyində “Hacıbəy Sultanov guşəsi”nin yaradılması, alimin yaşadığı evin divarına barelyev yerləşdirilməsi, “Земля и Вселенная” jurnalında, o cümlədən yerli qəzet və jurnallarda Hacıbəy Sultanov haqqında məqalələrin dərc edilməsi təklif edilib.

Konfrans tədbir iştirakçılarının təşkilatçılara təşəkkür nitqlərindən sonra işini başa vurub.

Qeyd edək ki, konfrans materialları Azərbaycan Astronomiya jurnalında dərc ediləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.