Rəsədxana əməkdaşları Beynəlxalq konfransda iştirak edib Sen 17, 2021 | 16:09 / KONFRANSLAR

13-17 sentyabr tarixlərində Krım Astrofizika Rəsədxanasında E.A.Dibayın 90 illiyi münasibətilə "Qara dəlikdən qalaktika ölçüsünədək olan aktiv nüvəli qalaktikalar" mövzusunda beynəlxalq konfrans keçirilib. Müxtəlif ölkələrdən əlliyə yaxın astronomun qatıldığı onlayn konfransda AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Canməmməd Rüstəmov və astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə də iştirak ediblər.

Canməmməd Rüstəmov konfransda Avropa Nüvə Tədqiatları Mərkəzində (CERN) çalışan fizika üzrə elmlər doktoru Anar Rüstəmovla birgə “Spiral qalaktikaların mənşəyi haqqında” mövzusunda çıxış edib. Alimlər spiral qalaktikaların mənşəyi ilə əlaqədar orijinal ideya irəli sürüblər. Onlar hesab edir ki, qalaktikaların spiral quruluşu Böyük Partlayışın ilkin mikrosaniyələrində formalaşır. Qeyd etmək lazımdır ki, Kainatdakı qalaktikaların əksəriyyətinin spiral qalaktikalar olmasına baxmayaraq indiyə kimi bu qalaktikalarda spiral quruluşun əmələ gəlməsini izah edə bilən qənaətbəxş nəzəriyyə yoxdur. C.N.Rustamov və A.J.Rustamovun irəli sürdükləri ideya bu problemin həlli istiqamətində ciddi addımdır.

"Ae/Be Herbig tipli  HD 179218 ulduzununun spektrində Hα şüalanma xəttində dəyişmələr" mövzusu ilə konfransa qatılan Həmayil Adıgözəlzadənin işində isə göstərilmişdir ki, Hα şüalanma xəttinin profilində həm bənövşəyi, həm də qırmızı qanadlarda əlavə şüalanma komponentlərinin yaranması və yox olması müşahidə olunmuşdur. Bu isə bu sistemin qoşa olması hipotezini irəli sürməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.