Rəsədxananın İqor Kosyagin və Sergey Mironov adı altında Rəsədxana ilə bağlı yayılan həqiqətə uyğun olmayan məlumatlar haqqında Bəyanatı Fev 17, 2020 | 10:02 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyası

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının

İqor Kosyagin və Sergey Mironov adı altında Rəsədxana ilə bağlı yayılan həqiqətə uyğun olmayan məlumatlar haqqında

 

 

Русская версия: З А Я В Л Е Н И Е                                                                      B Ə Y A N A T I

 

Hörmətli həmkarlar, dostlar, astronomlar!       

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) kosmik plazma və heliogeofiziki problemlər istiqamətində aparılan nəzəri tədqiqatlarla yanaşı, praktik astrofizikanın müasir tələblərinə cavab verən cihaz və qurğularda alınmış müşahidə materialları əsasında ulduz, planet və qalaktikaların prioritet istiqamətləri üzrə araşdırma işlərinin yerinə yetirildiyi modern bir elmi mərkəzdir. ŞAR-da spektral və fotometrik müşahidələrdə istifadə olunan cihazlar və  işıqqəbulediciləri mütəmadi olaraq yenilənir, modernizasiya olunur və müşahidə materiallarının rəqəmsal emalı üsulları təkmilləşdirilir və dünya standartları səviyyəsinə uyğunlaşdırılır.

ŞAR-da yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələri beynəlxalq səviyyədə astronomiya sahəsində ixtisaslaşmış elmi  jurnallarda mütəmadi olaraq dərc olunur. Aparılan məqsədyönlü elmi-təşkilati işlərin nəti­cə­si­dir ki, son illərdə ŞAR əməkdaşlarının impakt faktorlu elmi jurnallarda dərc olunmuş məqalələrinin  sayı 3 dəfə  artmışdır.

Beynəlxalq “Clarivate Analytics” şirkəti tərəfindən keçirilmiş müsabiqə  nəticəsində 2018-ci ildə ŞAR Azərbaycan üzrə elmi müəssisələr arasında məhsuldarlığına görə birinci yerə layiq görülmüşdür.

Alınmış yüksək elmi nəticələr bizə bir-neçə Rusiya - Azərbaycan birgə qrant layihələrinin  qalibi olmağa imkan vermişdir.

Son illərdə ŞAR əməkdaşlarının kosmik plazma fizikası sahəsində apardığı nəzəri tədqiqatların nəticələri, eləcə də  beynəlxalq proqram  çərçivəsində aktiv nüvəli qalaktikalarda dinamik proseslərin spektral və fotometrik tədqiqindən və maraqlı müşahidə xüsusiyyətləri göstərən ifratnəhəng ulduzun müşahidəsindən alınan eksperimental nətəcələr, rəsədxana tarixində ilk dəfə olaraq, çox yük­sək im­pakt faktorlu elmi jurnallarda (məs. Monthly Notices of the Royal Astronomical Society; Physics of  Plasmas (American İnstitute of Physics), Plasma Physics Reports (Russian) və s.) dərc olunmuşdur.

ŞAR 2019-cu ildə Avropa Birliyinin meqaqrantı olan Horizon 2020 qrant yayihəsinin qalibi olmuşdur. Bu qrant layihəsi çərçivəsində 4 il müddətində 5 Avropa və 3 Cənubi Amerika ölkələrindən olan astronomlarla birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.  2019-cu ilin yanvar ayından  etibarən ŞAR-ın 2-m teleskopunda bu qrant layihəsi ilə əlaqədar massiv ifratnəhəng ulduzların spektral müşahidələri apalılır və alınmış müşahidə materialı beynəlxalq əməkdaşlıq çərçivəsində təhlil edilir.

ŞAR-ın teleskopları GRANDMA proyekti çərçivəsində bey­nəl­­xalq teleskoplar şəbəkəsinə qoşulmuşdur (https://grandma.lal.in2p3.fr/shao-obs/). Bunun nəticəsində ŞAR Kilonova (iki neytron ulduzun bir­ləş­məsi nəticəsində güclü qravitasiya dalğasının yaranması) hadisəsinin optik diapo­zonda aparılan tədqiqatlarında iştirak edir.

ŞAR-ın  gənc tədqiqatçıları  Phd və Postdoc proqramları çərçivəsində Almaniya və Bel­çi­ka­nın elmi mərkəzlərində birgə elmi tədqiqat işləri aparırlar.

Elm və təhsilin inteqrasiyasını təmin etmək məqsədilə ŞAR-da BDU-un “Astrofizika” kafedrasının filialı təşkil olunmuş və birgə magistr hazırlığı işləri effektiv şəkildə yerinə yetirilir.

Hal-hazırda yaxın kosmosda NANO ­peyk­lərin tətbiqi ilə astrofiziki eksperimentlərin həyata keçirilməsi  sahəsində işlər görülür.

Biz öz gündəlik qayğılarımızla məşğul olduğumuz bir vaxtda İqor Kosyaqin və Sergey Mironov adı altında naməlum şəxslər və ya şəxs, 15 sentayabr 2016-cı ildə ŞAR-ın direktoru tərəfindən Elmi Şu­ra­nın qəbul etdiyi qərar əsasında imzalanmış 188 saylı Əmrə istinad edərək öz qüsurlu şərhi ilə Sizlərə müraciət yaymışdır. Bu müraciət azərbaycan, rus və ingi­lis dillərində özünün qeyd etdiyi kimi 2000-dən artıq ünvana göndərilmişdir və söz verir ki, dünyanın hər bir nöqtəsinə göndəriləcək. Sanki bu əmrlə Günəşin doğ­ması şübhə altına alınmış, bəşəriyyət fəlakətə sürüklənir və bu cənablar və ya cənab SOS siqnalı verir. Belə ajiotaj onu göstərmirmi ki, bu müracətin arxasında sağlam məqsəd durmur?! Cənab Kosyaqin  əmrin müddəalarının yerinə yetirilmə səviyyəsi haq­qında məlumatı haradan alır? O, ilk mənbəyə - ŞAR rəhbərliyinə müraciət edib bu əmr haqqında müfəssəl məlumat ala bilərdi. Bu və digər sual­la­ra Cənab Kosyaqin  müraciətin sonunda qismən də olsa aydınlıq gətirir. Saxta “elm təəssübkeşi”  olan Cənab Kosyaqin, veb saytlara istinad edərək rəsədxana əra­zi­sindəki istirahət evlərinin nə məqsədlə istifadə olunacağı barədə proqnozlar verir. Bu şər və böhtan dolu məlumatları kütləvi informasiya vasitələrində rəsəd­xa­nanın keçmiş əməkdaşı Yanoş Məhərrəmov yaymışdır. Görəsən, indiyə qədər astronomlar arasında adına rast gəlinməyən cənab Kosyaqini və Mironovu bu çirkin oyuna girməyə nə vadar etmişdir?

Müraciətdə qeyd olunan əmrlə bağlı bildirmək istəyirik ki, həmin  əmrin su­rə­ti ilə tanış olan hər bir kəs müra­ci­ətin məkrli xarakter daşıdığını başa düşür. Belə ki, uzun müddət işlək vəziyyətdə olan astro­­nomik cihaz­ların və teles­­kopların işinin müvəqqəti dayan­dı­rıl­ması, lazımi profilaktik tədbir­­lərin həyata keçirilməsi, göy cisimlərinin spektr­lərinin alınması və emalı mərhələlərinin düzgün yerinə yetirilməsinin gənc astronomlara öyrədilməsi və s. kimi tədbirlər zəruridir və heç də elmi nəticələrin ləğv edilməsi kimi başa düşülə bilməz.

Bu müraciət 16-20 Sentyabr 2019-cu il tarixində ŞAR-ın 60 illik yubileyinə həsr olunmuş beynəlxalq “Ulduz  və planetlər fizikası” konfransında  iştirak edən dün­yanın müxtəlif  ölkələrindən gəlmiş 50-dən çox məşhur astrofiziklərə də ün­van­lan­mışdı. Bu alimlər yekun çıxışlarında konfransın  işinin uğurla başa çatdığını, ŞAR-da elmi tədqiqatların yüksək səviyyədə olduğunu və alimlərimizin konfransda fəal işti­rakını qeyd etdilər.

Hörmətli həmkarlar!

Sizi, bizim uğurlarımıza,  elmi nailiyyətlərimizə şər və böh­tan­larla kölgə salmaq istəyənlərin müraciətlərinə inanmamağa çağırırıq.

Şamaxı Astrofizika Rəsədxanası, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olmaq, bu elm ocağı haqqında həqiqəti bilmək istəyən hər kəsi böyük məmnuniyyətlə rəsədxanaya dəvət edirik.

 

Azərbaycan Milli Elmlər Akademiyası

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Qeyd: Bu məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.