Rəsədxanada Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş mini-konfrans keçirilib Avg 06, 2021 | 10:08 / KONFRANSLAR

Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq ölkəmizdə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi qeyd edilir. Bununla əlaqədar,  avqust ayının 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) zoom platforması üzərindən onlayn şəkildə dahi alimin yubileyinə həsr olunmuş mini-konfrans keçirilib.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq mini-konfrans iştirakçılarını salamlayıb və konfransın işinə müvəffəqiyyət arzulayıb.

Sonra N.Cəlilov dahi alim Lütfi Zadənin qısa tərcümeyi halı, keçdiyi elmi yaradıcılıq yolu və onun dünya elmində tutduğu mövqeyi haqqında məlumat verib. Alim bildirib ki, Lütfi Zadə dünya miq­ya­sında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və labora­to­ri­ya­lar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür.

Daha sonra B. Rəcəbov dahi alimin irəli sürdüyü nəzəriyyələr, elmdə etdiyi yeniliklər, onların dünya elminə, texnologiyasına və iqtisadiyyatına verdiyi böyük səmərə haqqında ətraflı məruzə edib. Bundan sonra Lütfi Zadənin həyat və yaradıcılığına dair əməkdaşlardan K.Hüseynov, O.Salehli məruzə ediblər. Alimin nəşr etdirdiyi kitab və məqalələr, onun biblioqrafiyası haqqında isə N.Abdullayeva çıxış edib. Məruzələr konfrans iştirakçılarında böyük maraq doğurub və iştirakçılarda alimin həyat və fəaliyyəti haqqında dolğun təsəvvür yaradıb.

Daha sonra müxbir üzv Namiq Cəlilovun və professor Nəriman İsmayılovun sədrliyi ilə iki elmi sessiyadan ibarət olan mini-konfrans elmi məruzələrlə fəaliyyətini davam etdirib. Şamaxı astrofizika Rəsədxanasında aparılan elmi işlərin nəticələrini əks etdirən məruzələr əsasən gənclər tərəfindən azərbaycan və ingilis dillərində edilib. Yığıncaqda ümumilikdə 30-a yaxın məruzə edilib. Milli Aviasiya Akademiyasının, Ekologiya institutunun və Milli Kosmik Agentliyinin əməkdaşlarının məruzələri isə stend məruzə şəklində konfransa təqdim olunub.

Konfransa təqdim edilən elmi-məruzələrin tezisləri ilə tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.