Şamaxı Astrofizika Rəsədxanasında “Yay Fest”in açılış mərasimi keçirilib İyl 30, 2021 | 13:07 / TƏDBİRLƏR
İyulun 29-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ölkənin ən böyük gənclər festivalı “Yay Fest”in açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan festival ikiillik fasilədən sonra “Ulduzlara doğru” devizi ilə gəncləri yenidən öz ətrafına toplayıb.
Açılış mərasimi Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Şamaxı Astrofizika Rəsədxanasının rəhbəri Namiq Cəlilov və media nümayəndələrinin iştirakı ilə baş tutub. Natiqlər öz çıxışlarında Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətində müxtəlif sahələrdə gənclər üçün yaradılan imkanlardan, həmçinin bu tip düşərgələrin gənclərin əylənərək öyrənməsi baxımından faydasından danışıblar. Dövlət gənclər siyasətinin mərkəzində məhz gənclərin vətənpərvər, təhsilli, sağlam və geniş dünyagörüşünə malik olmasının dayandığı qeyd edilib.
Qeyd edək ki, bir ay ərzində davam edəcək festivalda “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “İnkişaf və Karyera” olmaqla silsiləli şəkildə 5 düşərgə fəaliyyət göstərəcək. Düşərgələrin hər birində gənclər üçün vətənpərvərlik və dövlətçilik, Azərbaycan tarixi və mədəniyyəti, incəsənət, sosial media, innovasiya və digər mövzularda seminar, mühazirə və görüşlərdə müzakirə və təlimlər aparılacaq. Habelə, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgənin keçirildiyi regionda yerləşən tarixi-mədəni abidələrə və gözəl flora və faunası olan bölgənin baxımlı ərazilərinə səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunacaqlar. Hər günün sonunda gənclər üçün konsert proqramı və kino nümayişi etdirilməsi planlaşdırılır.
Düşərgənin fəaliyyəti müddətində gənclərin Milli Məclisin deputatları, dövlət və özəl qurum nümayəndələri, təlimçi, ulduz və blogerlərlə görüşləri də olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.