Şamaxı Astrofizika Rəsədxanasında növbəti seminar keçirilib İyl 01, 2021 | 11:07 / SEMİNARLAR

29 iyun 2021-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti seminar keçirilib.

Seminar ŞAR-ın "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Canməmməd Nizam oğlu Rüstəmovun  2108.01 - "Astrofizika, ulduz astronomiyası" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunub.

Qeyd edək ki, seminar COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən say məhdudiyyəti gözlənilməklə, hibrid (qismən online) rejimdə keçirilib. Seminarda 10 nəfər zalda əyani formada, 36 nəfər isə “ZOOM” proqramı ilə qoşularaq iştirak edib.

Seminarı rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq Canməmməd Rüstəmovun təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəyə çıxarılmasına hazır olduğunu bildirib.

Seminarı aparmaq üçün ŞAR-ın baş elmi işçisi, f.r.e.d. Sabir Məmmədov -sədr, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Qədirova – katib təklif olunub və seçilib.

Sonra C.Rüstəmov dissertasiyanın mövzusu üzrə gördüyü işlər barədə ətraflı məlumat verib və  verilən sualları   cavablandırıb. İş geniş müzakirə olundu,  çıxış edən əməkdaşlar (AMEA-nın müxbir üzvü N.S.Cəlilov, f.r.e.d. N.Z.İsmayılov, f.r.e.n. Ə.Ə.Ətayi, f.r.e.n. Z.A.Səmədov, f.r.e.n. Ə.M. Xəlilov, f.ü.f.d. X.M.Mikayılov, f.r.e.n. N.Ə.Hüseynov, f.r.e.d. S.H.Məmmədov və başqaları) iş haqqında fikir və mülahizələrini bildiriblər.

Məruzə ətrafında  çıxışlarda verilən təklifləri nəzərə alaraq seminarın rəhbəri  Canməmməd  Rüstəmovun 2108.01 - "Astrofizika, ulduz astronomiyası" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ŞAR-ın nəzdindəki Elmi Seminarda növbəti  müzakirəyə buraxılması barədə qərarı səsə qoyub və qərar yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.