Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib İyn 16, 2021 | 13:06 / SEMİNARLAR

İyun ayının 16-da, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən Əminə Hümbətova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin elmi işçisi astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova “Ae/Be Herbiq tipli HD 190073 ulduzunun uzun müddətli spektral dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, bu ulduzun 4 il ərzində alınmış spektral müşahidələrinə əsasən spektral xətlərin parametrlərinin qısamüddətli və uzun müddətli dəyişkənliyi öyrənilib və müəyyən olunub ki, 2015-2018 ci illərdə Hα və Hβ xətlərinin parametrləri 40 günlük tsikllərlə dəyişmə göstərir. Ekvivalent en ilə şüa sürəti tərs korelyasiya göstərir. Həmçinin həmin parametrlər 4 il ərzində də dəyişkənlik göstərirlər. Bu da ulduzun diskinin strukturunun dəyişməsinə əsaslanır.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.