Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib May 20, 2021 | 10:05 / KONFRANSLAR
19 may 2021-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığında kosmopoloji modellər“ mövzusunda elmi-praktik konfrans keçirilib.
TEAMS platforması üzərindən onlayn şəkildə təşkil olunan tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları və ADPU Şamaxı filialının professor-müəllim heyəti, həmçinin universitetin tələbələri iştirak edib.
Konfransda rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov “Nizami Gəncəvinin əsərlərində müasir kosmoloji modellər” mövzusunda məruzə ilə çıxış edib. Məruzə bəşər övladını daima düşündürən aktual bir məsələyə, Kainatın yaranması haqqında Nizaminin əsərlərində irəli sürülən fikir və ideyaların təhlilinə həsr olunmuşdur.
Sonra ŞAR-ın "Planetlər və kiçik səma cisimləri" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi “Günəş sisteminin planetləri” mövzusunda çıxış edib. O, Günəş sistemi planetlərinin öyrənilməsinin nə üçün lazım olduğunu və Şamaxı Astrofizika Rəsədxanasında son illərdə planetlərin tədqiqi sahəsində alınmış yeni nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə həmçinin Nizami yaradıcılığından, “Xəmsə”dən götürülmüş dəyərli nümunələr səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.