Şamaxı Astrofizika Rəsədxanasında "Elm Günü"nə həsr olunan elmi sessiya keçirilib Mart 31, 2021 | 10:03 / SEMİNARLAR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "Elm Günü"nə həsr olunan elmi sessiya keçirilib.

Tədbiri rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq “Elm Günü”nün təsis edilməsinin əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün məhz Azərbaycanın elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının yaranması günündə qeyd edilməsinin ölkə rəhbərliyinin elmə və elm adamlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

Daha sonra onlayn olaraq təşkil edilən elmi sessiyada rəsədxana əməkdaşları f.r.ü.f.d Ədalət Ətayi “Günəş sisteminin planetləri”, prof. Nəriman İsmayılov “Cavan ulduzlar”, f.r.ü.f.d Bayram Rüstəmov “Ulduzların yaranması”, f.r.ü.f.d Canməmməd Rüstəmov “Harizon 2020 çərçivəsində Massiv ulduzların tədqiqi”, elmi işçi Fazil İsmayılov “Kosmik monitorinq: Metodika və praktiki nəticələr”, f.f.d Xıdır Mikayılov “Teleskoplar” və elmi işçi Aynurə Məsimova “Astronomiyanın təbliği” mövzularında elmi-papulyar məruzələrlə çıxış edib.

Məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanasında bir müddət öncə “Elm Günü” ilə əlaqədar onlayn sərgi də təşkil edilib. Sərgiyə baxmaq üçün keçiddən istifadə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.