Rəsədxananın əməkdaşı “International Meteor Conference 2017” adlı beynəlxalq konfransda iştirak edib Sen 28, 2017 | 06:09 / KONFRANSLAR

21-24 sentyabr 2017-ci il tarixlərində AMEA-nın müxbir üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Əyyub Quliyev Serbiya Respublikasının Valevo şəhəri yaxınlığında yerləşən Petniça Elmi Mərkəzində Beynəlxalq Meteor Təşkilatının təşkil etdiyi “International Meteor Conference 2017” adlı beynəlxalq konfransda iştirak edib.

Qeyd edək ki, alim dünyanın 25 ölkəsindən 150 nəfərə yaxın iştirakçının qatıldığı konfransa təqdim etdiyi “About one possible mechanism of comet splitting” adlı  məruzəsində komet parçalanmalarının əsasən meteoroid cisimləri ilə toqquşma nəticəsində baş verdiyini sübut edən arqumentlər göstərib.

Alim, həmçinin məruzəsində göstərib ki, belə proseslər kometlərdə hiperbolik hərəkət surətinin yaranmasına gətirib çıxara bilər. Toqquşma zamanı vektorlar arasında bucaq kiçik olanda bu komet parıltılarına, böyük olanda isə defraqmentasiyaya gətirib çıxarır.

Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Bir sıra dəyərli təkliflər verilib ki, onlar da gələcək tədqiqat işlərində nəzərə alınacaq.

Sonda verilən suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.