Elm günü ilə əlaqədar onlayn sərgi Mart 18, 2021 | 11:03 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Onlayn sərgi

Azərbaycanda elmi istiqamətlərdə aparılan uğurlu islahatlar, dövlət başçısının imzaladığı sərəncam və fərmanlar bu gün elmimizin inkişafında müsbət nəticələrə gətirib çıxarıb, Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası ilə bağlı mühüm nailiyyətlər əldə olunub. Bu gün elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması, elmi-texniki potensialın qorunub saxlanılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Ölkəmizdə vətəndaşların elmi səviyyəsinin yüksəldilməsi və yeni biliklərə yiyələnməsində elmin aparıcı rolu və vəzifələri “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”nda təsbit edilib. Sənəddə elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və digər məsələlər öz əksini tapıb.

2018-ci il aprelin 9-da isə Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 27 mart tarixində Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

Artıq bir neçə ildir ki, mart ayının 27-si Azərbaycanda “Elm günü” xüsusi olaraq qeyd olunur. “Elm günü” ilə əlaqədar AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi mərkəzlərində silsilə tədbirlər keçirilir. Ən aktual, prioritet mövzularda məruzələri əhatə edən dəyirmi masa, seminar, eləcə də “açıq qapı” günləri və sərgilər təşkil olunur.

Cari ildə isə COVID-19 pandemiyası ilə əlaqədar, hər zamankından fərqli olaraq bütün yuxarıda sadalanan tədbirlər onlayn şəkildə təşkil edilir. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da hər il olduğu kimi bu il də "Elm günü" ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. Həmin tədbirlərdən biri də onlayn sərginin ictimaiyyətə təqdim edilməsidir.

Onlayn sərgiyə baxmaq üçün elektron keçiddən istifadə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.