2021-ci ilin Günəş və Ay tutulmaları Dek 03, 2020 | 14:12 / ASTRO TƏQVİMLƏR

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2021-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını təqdim edir.

2021-ci ildə 4 tutulma hadisəsi  2 Günəş və 2 Ay tutulması  baş verəcək.

                          2021-ci ilin Günəş tutulması

 

1.  1-ci Günəş tutulması  10 iyun 2021-ci ildə baş verəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Tutulmanın maksimumu 14:43:06-da olacaq. Tutulma hadisəsi 4 saat 59 dəqiqə davam edəcək. Bu günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali / Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq.

 

2.  2-ci Günəş tutulması isə 2021-ci il 4 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır.  Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

2021-ci ilin Ay tutulması

 Bu il  2 Ay tutulması  hadisəsi olacaq və heç biri Azərbaycanda müşahidə olunmayacaq.

1-ci Ay tutulması  2021-ci il  26 mayda  baş verəcək. Tam Ay tutulmasıdır. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək.  Tutulma hadisəsi  Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

 Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi  Azərbaycanda müşahidə olunmayacaq.

 

2-ci Ay tutulması   2021-ci il 19 noyabrda baş verəcək. Qismən  Ay tutulmasıdır. Tutulma hadisəsi 11:18:41-da başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi 2 saat 28 dəqiqə davam edəcək. Tutulma hadisəsi Amerika, şimali Avropa, şərqi Asiya, sakit okean, Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi  Azərbaycanda müşahidə olunmayacaq.

Hazırladı:  AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini f.f.d. dosent Xıdır Mustafa oğlu Mikayılov.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.