HORİZON 2020 Proqramı çərçivəsində Beynəlxalq veb-seminar keçirilib Okt 30, 2020 | 11:10 / SEMİNARLAR

29 oktyabr 2020-ci il tarixində Avropa Birliyinin Tədqiqat və İnnovasiya HORİZON 2020 Proqramı tərəfindən maliyyələşdirilən 823734 nömrəli Marie-Sklodowska-Curie qrant layihəsi çərçivəsində elmi veb-seminar keçirilib. 

Çex Elmlər Akademiyasının Astronomiya İnstitunun Ondrejev Rəsədxanasının "Ulduz" şöbəsinin təşəbbüsü və rəhbərliyi ilə baş tutan seminarda ŞAR əməkdaşları (C.Rüstəmov, A.Abdulkərimova, G.Hacıyeva, S.Məmmədova, Ş.Ağayeva) və 8 ölkədən (Çexiya, Estoniya, Almaniya, Bolqarıstan, Braziliya, Çili, Argentina, İngiltərə) 21 tanınmış astronom iştirak edib.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f.-r.ü.f.d, dosent Canməmməd N. Rüstəmov, seminarda “Beta Lyr ulduzunun spektral tədqiqinin ilkin nəticələri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Beta Lyr ulduzunun spektral müşahidələri AMEA N.Tusi adına ŞAR-ın 2-m teleskopunda aparılıb. Alınmış eşelle spektrlər işlənilib və bir sıra maraqlı elmi nəticələr əldə olunub.