Rəsədxana əməkdaşları HORİZON 2020 Proqramı ilə bağlı video konfransda iştirak edib Okt 12, 2020 | 09:10 / KONFRANSLAR

8 oktyabr 2020-ci il tarixində Avropa Birliyinin Tədqiqat və İnnovasiya HORİZON 2020 Proqramı tərəfindən maliyyələşdirilən 823734 nömrəli Marie-Sklodowska-Curie Grant layihəsi çərçivəsində on ölkədən olan astronomların iştirakı ilə video konfrans keçirilib.

Konfrans Çex Elmlər Akademiyasının Astronomiya İnstitunun Ondrejev Rəsədxanasının "Ulduz" şöbəsinin təşəbbüsü və rəhbərliyi ilə baş tutub.

Konfransda AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r ü.f.d., dosent C.N. Rüstəmov (qrant layihəsinin yerli koordinatoru) və ŞAR-ın əməkdaşları (A.Abdulkərimova, G.Hacıyeva, S.Məmmədova, Ş.Ağayeva) iştirak ediblər. Konfransda qrant layihəsi çərçivəsində 2019-cu ilin əvvəlindən indiyə kimi yerinə yetirilmiş elmi tədqiqat işləri barədə hesabat verilib.

Qeyd edək ki, ŞAR-da bu müddət ərzində rəsədxananın 2 metrlik teleskopu vasitəsilə proqram ulduzların (massiv ifratnəhəng ulduzların) spektral müşahidələri aparılmış və hal-hazırda alınmış spektrlər işlənilir. Maraqlı elmi nəticələr əldə edilib. Bir elmi məqalə çapa qəbul edilib, bir elmi məqalə isə çapa təqdim olunub. Grant layihəsi istiqamətində elmi-tədqiqat işləri müvəffəqiyyətlə davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.