Habl Andromeda qalaktikasının ətrafındakı nəhəng qaz örtüyünün xəritəsini tərtib edir. Avg 31, 2020 | 11:08 / ASTRO XƏBƏRLƏR

Alimlər Habl kosmik teleskopunun topladığı məlumatlar əsasında Andromeda dumanlığını əhatə edən  nəhəng qaz örtüyünün – halonun xəritəsini tərtib ediblər. Bu cür incə, hətta demək olar ki, görünməyən (şəffaf) diffuz plazmanın qalaktikadan 1.3 milyon işıq ili məsafəyə yayılması alimləri çox təəccübləndirib. Belə ki, həmin qaz örtüyü bizim qalaktikaya qədər məsafənin demək olar ki, yarısına qədər uzanır. Müxtəlif istiqamətlərdə isə halonun uzunluğu 2 milyon işıq ilinə çatır. Bu isə o deməkdir ki, Andromeda qalaktikasının halosu bizim qalaktikanın halosu ilə toqquşur.

Tədqiqatlar zamanı aşkar edilib ki, halo bir-birinə nüfuz etmiş iki əsas örtükdən ibarət təbəqəli quruluşa malikdir. Bu, qalaktikanı əhatə edən halonun ən əhatəli tədqiqatıdır ki, həmin tədqiqatın nəticələri də "The Astrophysical Journal"da çap olunub.

Həmmüəlliflərdən Samanta Berekin  (Yeyl Universiteti, Konnektikut, ABŞ) sözlərinə görə  “Qalaktikanı əhatə edən nəhəng qaz halosunun çox böyük əhəmiyyəti var.  Bu qaz rezervuarı ifratyeni partlayışlarının nəticəsidir və yeni ulduzların yaranması üçün yanacaqdır (xammaldır). Halo qalaktikanın keçmişi və gələcək təkamülü ilə bağlı ipucları ilə doludur və biz ən yaxın qalaktik qonşumuzun nümunəsində onları ətraflı şəkildə öyrənə bilərik”.

Nikolas Lehner (Notr–Dam, İndiana, ABŞ) deyir ki, 0.5 işıq ili məsafədə yayılan daxili halo daha mürəkkəb quruluşludur və daha dinamikdir. Xarici halo isə daha hamar və istidir. Bu fərq qalaktika diskində baş verən ifratyeni partlayışlarının birbaşa daxili haloya təsir göstərməsi ilə izah olunur. Bu aktivliyin əlaməti olaraq, Andromedanın halosunda böyük miqdarda ağır elementlər aşkar edilib. Daha ağır elementlər ulduzların nüvəsində yaranır və ifratyeni partlayışları nəticəsində kosmosa atılır. Nəticədə qalaktikanın halosu həmin maddə ilə çirklənir.

Andromeda qalaktikası 1 trilyon ulduzdan ibarət möhtəşəm spiralvari qalaktikadır və əgər onun halosunu gözlə görmək mümkün olsa idi, o zaman gecə səmasında "Böyük Ayı bürcü"nün çömçəsindən 3 dəfə böyük görünərdi.

Halonun kimyəvi tərkibi haqqında məlumat almaq üçün Project AMIGA (Absorption Map of Ionized Gas in Andromeda) proqramının köməyilə 43 kvazardan gələn işığın halodan keçərkən udulması və fərqli regionlarda udulmanın necə dəyişməsi tədqiq olunmuşdur. Andromedanın nəhəng halosu çox seyrək və ionlaşmış qazdan ibarətdir və bu qaz çox rahat qeyd oluna biləcək şüalanmanı buraxmır. Bu səbəbdən fonda yerləşmiş mənbədən gələn işığın udulmasını tədqiq etmək, bu materialı araşdırmaq üçün ən yaxşı üsuldur.

Ultrabənövşəyi şüalar Yer atmosferi tərəfindən udulduğundan, Yerdən bu tip müşahidələri imkansız edir. Ona görə də tədqiqatçılar kvazarların ultrabənövşəyi şüalanmasını öyrənmək üçün Habl teleskopunun (COS) spektroqrafının unikal imkanlarından istifadə edərək, ionlaşmış C, O və Si qazları aşkar ediblər. 

Əvvəllər də Andromedanın halosu tədqiq olunmuşdur. Belə ki, 2015-ci ildə Lenerin komandası Andromedanın halosunun geniş və massiv olduğunu aşkarlayıb. Başlanğıcda informasiya çox az idi. Qalaktikadan 1 milyon işıq ili məsafədə yerləşmiş kvazarların sayı cəmi 6 idi.  Bu yeni proqram isə Andromedanın halosunun daxili quruluşu haqqında daha çox informasiya əldə etməyə imkan verir.

Biz Süd yolu qalaktikasının içində olduğumuza görə, bizim qalaktikanın halosunu müşahidə etmək çətindir. Andromeda qalaktikası bizim qalaktikaya çox oxşar olduğundan, onların halosu da bir-birinə bənzəməlidir. Bu qalaktikaların təxminən 4 mlrd il sonra toqquşması və elliptik qalaktikanın yaranacağı gözlənilir.

İndiyə kimi başqa qalaktikaların da halosu öyrənilmişdir. Lakin onlar çox uzaqda yerləşdiklərdən onların halosunu tədqiq etmək üçün istifadə olunan parlaq kvazarların sayı kiçik ölçülərdə birdən artıq olmur. Andomeda isə bizə ən yaxın qalaktikadır və halosu kifayət qədər yaxşı görünür.

Lenerin sözlərinə görə bu unikal layihədir. Çünki burada 1 və ya 2 xətlə deyil, 40-dan çox xətlə Andromedanın halosu haqqında informasiya toplanır.

Hal-hazırda Andromeda belə tədqiqatın aparıla biləcəyi yeganə obyektdir və bu cür tədqiqata imkan verən yeganə teleskop Habldır. Gələcəkdə isə 30 yerli qalaktika qrupunu tədqiq edə biləcək ultrabənövşəyi diapazona həssas teleskopla tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.