Süd yolunda yeni ifratyeni qalığı tapılıb Avg 27, 2020 | 16:08 / ASTRO XƏBƏRLƏR

Süd yolu qalaktikasında yeni ifratyeninin qalıqları aşkar olunub. Bu indiyədək məlum olan obyektlərin ən böyüklərindən biridir. Təxminən 100 min il əvvəl partlamış ulduzun yerində, qalmış dumanlıq demək olar ki, sferik formadadır.

Qeyd edək ki, bir ifratyeninin doğulması üçün iki mümkün yol var:

1) Massiv ulduzun yanacağı tükənərək istilik-nüvə reaksiyası dayanır və ulduz kollaps edərək neytron ulduzuna və ya qara dəliyə çevrilir.

2) Qoşa sistemdə ağ cırtdan akresiya nəticəsində sistemin digər ulduzundan maddəsini sovuraraq kritik kütləyə çatır və istilik-nüvə partlayışı nəticəsində  ifratyeniyə çevrilir.

İfratyeni partlayışı zamanı ulduzun örtüyü atılır və böyük sürətlə yayılan zərbə dalğası yaradır. İfratyeni qalıqları ulduzun ifratyeni kimi partlamasından sonra ondan atılan maddədən yaranmış dumanlıqlardır.
Hal-hazırda bizim qalaktikada 300-dən çox ifratyeni qalığı məlumdur. Onların əksəriyyəti radiodiapazonda aşkar olunmuşdur.  Həmin obyektlərin həm radio, həm optik diapazonda müşahidəsi ifratyeni hadisəsinin fizikası, ulduz nukleosintezi, həmçinin zərbə dalğalarının ulduzətrafı mühit ilə qarşılıqlı təsirinin öyrənilməsi baxımından önəmlidir. 
Hannoverdə Darmurt kollecinin Robert Fesenin rəhbəri olduğu astronomlar qrupu Günəşdən 4900-6500 işıq ili uzaqlıqda, qalaktika müstəvisindən bir neçə 100 işıq ili məsafədə yerləşən yeni ifratyeni qalığını aşkar ediblər.
G107.0+9.0 adlı obyekt ilk dəfə 2013-cü ildə VTSS (Virginia Tech Spectral-Line Survey) layihəsində (zəif planetar dumanlıqların tədqiqi)  çərçivəsində aşkar olunmuşdur. Dumanlığın həqiqətən də ifratyeni qalığı olduğunu təsdiq etmək üçün 2017-ci ildə MDW Hydrogen-Alpha Survey layihəsi çərçivəsində 2,4 m- lik Hiltner teleskopu və ROSA (Remote Observatories Southern Alps) sisteminin 37 sm-lik teleskopu vasitəsilə alınmış şəkillərdən istifadə olunmuşdur. 

G107 incə, üst-üstə yerləşmiş liflərdən ibarət, demək olar ki, tamamilə sferik quruluşa malikdir. Diametri 75-100 ps ətrafında hesablanmış dumanlıq qalaktika müstəvisindən 250-300 ps məsafədə yerləşir. Bu isə onu hal-hazırda  məlum olan ən böyük ifratyeni qalıqlarından (dumanlıqlardan) biri edir. Dumanlığın yaşı 90-110 min il hesablanır. Onun müxtəlif istiqamətlərində zərbə dalğasının sürəti 70-110 km/s arasında dəyişir. Alimlər gələcəkdə onun genişlənmə sürətini dəqiqləşdirmək üçün spektroskopik müşahidələrini,  həmçinin rentgen oblastda müşahidələrini aparmağı planlaşdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.