Şamaxı Astrofizika Rəsədxanasında onlayn astroseminar keçirilib Avg 14, 2020 | 14:08 / ASTRO SEMİNARLAR

Avqust ayının 13-də AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib. 

Seminara rəhbərlik edən f.-r.ü.f.d Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın “Ulduz atmosferləri  fizikası  və  maqnetizm” şöbəsinin aparıcı elmi işçisi f.-r.ü.f.d Sabir Əliyev "Qoca Veronikanın Saçları ulduz  topasına aid olan 17 Com maqnit ulduzunun kompleks tədqiqi" mövzusunda məruzəsini seminar iştirakçılarına təqdim edib.

Məruzəçi işdə 17 Com maqnit ulduzunun fotometrik, maqnit və spektral dəyişən maqnit müşahidələr əsasında kompleks tədqiq edildiyini qeyd edib. O, bildirib ki, işin əsas məqsədi daha çox təkamül etmiş (t=3,5*10 19 il) bu ulduzun atmosferinin əsas parametrlərini və təkammül statusunu müəyyən edərək eyni tip cavan (t=1,5*10 6 ) maqnit ulduzları ilə müqayisə etməkdən ibarətdir. Aparılan tədqiqatlar zamanı 17 Com maqnit ulduzunun baş ardıcıllığın ən çox təkammül edən ulduzları qrupuna aid olması və hazırkı təkamül mərhələsindəki maqnit sahəsinin təxminən 1000-1500 Qaus, nadir torpaq elementlərinin miqdarının isə 1,5-2-dək azalması aşkar edilib.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar, Respublika ərazisində tətbiq edilən sərtləşdirilmiş karantin qaydalarına uyğun olaraq, seminar “Zoom” proqramı  vasitəsilə onlayn şəkildə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.