“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib Avg 05, 2020 | 11:08 / KONFRANSLAR

4-5 avqust 2020-ci il tarixdə AMEA-da “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, vitse-prezidentlər, akademiklər İradə Hüseynova, Rasim Əliquliyev, Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin direktorları, bu sahə üzrə mütəxəssislər, xaricdə yaşayan azərbaycanlı alimlər, eləcə də bir sıra aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak ediblər. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, müxbir üzv Namiq Cəlilov, həmçinin rəsədxananın elmi işçisi Fazil İsmayılov da konfrans iştirakçıları arasında yer alıblar.

Konfransı giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova tədbir iştirakçılarını AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayıb, konfransın işinə uğurlar arzulayıb. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman general, zabit və əsgərlərimizin, eləcə də qüdrətli Ordumuzun şücaətini yüksək qiymətləndirib, konfrans iştirakçıları adından Ali Baş Komandana olan dəstəklərini ifadə edib.

Tədbirdə COVİD-19 virusu, onunla mübarizə üsulları, bu istiqamətdə aparılan tədqiqatlarla bağlı müxtəlif fikirlər səsləndirilib. Qeyd edilib ki, cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Azərbaycanın vaxtında həyata keçirdiyi preventiv tədbirlər nəticəsində ölkəmiz virusla mübarizədə bir sıra dövlətlər üçün nümunə olmuşdur.

Konfransın ikinci günündə ŞAR-ın elmi işçisi Fazil İsmayılov "Məsafədən spektrofotometrik müşahidələr əsasında Bakı şəhəri havasında mikroorqanizmlərin  yayılması arealının operativ təyini" mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, şəhər havası mikroflorasında mikroorqanizmlərin - submikroskopik infeksion agentlərin yayılması üçün aerozollar mümkün və ən təhlükəli yollardan biridir. Atmosfer havasının mikroflorasında mikroorqanizmlərin konsentrasiyası çox geniş intervalda: onlarla və milyonlarla vahid arasında dəyişir. Onlar havada sərbəst halda az müddətdə (ən çox 1-3 saat) yaşayırlar. Atmosfer havasında mikroorqanizmlər aerozol hissəcikləri ilə birlikdə asılqanla yayıla bilir. Belə ki, onlar aerozol hissəcikləri tərəfindən udularaq, onlarla kilometrlə məsafəyə yayıla bilərlər. Aerozol hissəcikləri üzərində mikroorqanizmlərin yaşama müddəti bir neçə sutka ola bilər.

Fazil İsmayılov onu da qeyd edib ki, müasir dövrdə şəhər havasında mikroorqanizmlərin aerozol hissəcikləri tərəfindən yayılmasının öyrənilməsi və təyini üçün ən səmərəli və operativ üsul məsafədən optik zondlama üsuludur. Şəhər havasında fotokimyəvi mənşəli submikron aerozol fraksiyası miqdarca çoxluq təşkil edir. Şəhər havasında məsafədən uzaq görmə məsafəsi və şəhər havasının parlaqlığı submikron aerozol-qaz qarışığı ilə təyin olunur. Şəhər havasında optik-aktiv aerozol fraksiyasının miqdarının və yayılma arealının təyini üçün ən effektiv üsul passiv zondlama üsuludur. Bunun üçün isə spektrofotometrlərdən istifadə edilir. Ölkəmizdə şəhər havasının  və ətraf mühitin məsafədən spektrofotometrik tədqiqinin aparılması və genişləndirilməsi üçün AMEA Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) əsaslı elmi potensialına görə fərqlənir. Hazırkı işdə ŞAR-ın əməkdaşları tərəfindən Bakı şəhərində və eləcədə ölkəmizin digər şəhərlərində aerozol vasitəsi ilə mikroorqanizmlərin yayılmasının elmi-praktik üsulu işlənilir.

Sonda bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti, alimlərin bir araya gələrək öz elmi tədqiqatlarını bölüşməsinin virusla mübarizədə çox faydalı olduğu vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.