“Solar Orbiter” zondu ilə ilk təsvirlər qeydə alınıb İyl 17, 2020 | 14:07 / ASTRO XƏBƏRLƏR

10 fevral 2020-ci il tarixində NASA-nın Floridada yerləşən Keyp Kanaveral kosmodromundan buraxılaraq kosmik misiyasına başlayan “Solar Orbiter” peyki, iyunun ortalarında istismara verilmə mərhələsini tamamlayıb və 2021-ci ilin noyabr ayına qədər Günəşə ilk yaxınlaşma fazasına start verib.

Avropa Kosmik Agentliyinin (ESA) Günəş araşdırma misiyası olan “Solar Orbiter” gəmisi Günəşlə Yer arasındakı məsafənin təxminən yarısına qədər - 77 milyon kilometr məsafəyə çataraq ulduza ilk yaxınlaşmasını edib.Bununla da Avropa və Amerika alimləri Günəşə kosmik gəmidə yerləşən altısı teleskop olmaqla 10 cihazı sınaqdan keçiriblər. Belə ki, COVID-19 pandemiyası dövründə kosmik gəmini və onun alətlərini istismara verərkən komandalar üzləşdikləri çətinliklərə baxmayaraq, zond vasitəsilə ilk təsvirlərin qeydə alınması uğurla tamamlanıb.

ESA-nın “Solar Orbiter” misiyasının tədqiqatçılarından Daniel Müllerin sözlərinə görə ilk nəticələr gözlənilənlərdən daha yaxşı olub. O bildirib ki, alimlər əvvəllər müşahidə edə bilmədikləri çox maraqlı hadisələrin incəliklərini artıq görə bilirlər. D.Müller qeyd edib ki, "Solar Orbiter" peykindəki cihazların hamısı əla işləyir və birlikdə Günəş və günəş küləyinin ümumi görünüşünü təmin edir. Bu da tədqiqatçıları “Solar Orbiter”in Günəşlə bağlı açıq suallara cavab tapacağına ümid verir".

Nəzərinizə çatdırırıq ki, daha öncə Günəşin heç vaxt belə yaxın məsafədən şəkilləri çəkilməmişdir. Hazırda periheli nöqtəsindən başlayaraq ikinci yaxınlaşma nöqtəsinə doğru hərəkət edən “Solar Orbiter” peyki 2021-ci ilin sonlarında başlayacaq əsas elmi mərhələdə Günəşə 42 milyon kilometr yaxınlaşacaqdır ki, bu isə Merkuri planetindən daha yaxındır.

Qeyd edək ki, “Solar Orbiter” layihəsi ESA və NASA arasındakı beynəlxalq kosmik əməkdaşlığın nəticəsidir. ESA üzvü olan 12 ölkə (Avstriya, Belçika, Çexiya, Fransa, Almaniya, İtaliya, Norveç, Polşa, İspaniya, İsveç, İsveçrə və Birləşmiş Krallıq), eləcə də NASA bu layihəyə elmi istiqamətdə, Danimarka, Finlandiya, Yunanıstan, İrlandiya, Lüksemburq, Hollandiya və Portuqaliya isə kosmik gəminin qurulmasında öz töhfəsini vermişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.