"Solar Orbiter" zondu kosmosa buraxılıb Fev 10, 2020 | 10:02 / ASTRO XƏBƏRLƏR

10 fevral 2020-ci il tarixində saat 08.03-də NASA-nın Floridada yerləşən Keyp Kanaveral kosmodromundan Günəşi tədqiq edəcək “Solar Orbiter” kosmik zondu ilə təchiz edilən “Atlas V 411” raketdaşıyıcısının buraxılışı həyata keçirilib. 

“Solar Orbiter” layihəsi ABŞ Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyinin (ESA) 1,5 milyard dollar dəyərində birgə layihəsidir. Peykin kosmosdakı missiyası yeddi il təşkil edəcəkdir. Bu müddət ərzində çəkisi 2 tona yaxın olan kosmik aparat Günəş aktivliyini və ulduzun qütb sahələrini müşahidə edəcək. “NASA” nümayəndələrinin sözlərinə görə, “Solar Orbiter” heliofizikanın əsas məsələsi – Günəşin Günəş sistemində daim dəyişən kosmik mühiti necə yaratması və nəzarət etməsi ilə məşğul olacaq.

Missiya Avropa Kosmik Agentliyinin Almaniyanın Darmştat şəhərində yerləşən Baş Missiya İdarə Mərkəzindən idarə olunacaqdır. İlk nəticələrin 2021-ci ilin noyabr ayında əldə olunması nəzərdə tutulub.

“Solar Orbiter” zondu 10 müxtəlif cihazla təchiz edilib ki, həmin cihazların altısı daim Günəşə tərəf yönəldiləcək, dördü isə aparat ətrafında mühitin vəziyyətinin öyrənilməsi üçün istifadə ediləcək.

Bundan başqa, “Solar Orbiter” zonduna Günəşə 42 milyon kilometr məsafəyədək yaxınlaşmağa imkan verəcək xüsusi istilikqoruyucusu quraşdırılıb. Qeyd olunan məsafədə qoruyucu elementin kənar səthi, Selsi üzrə 500 dərəcədən çox qızacaq, istilikqoruyucusunun arxasında yerləşən cihazların temperaturu isə Selsi üzrə 50 dərəcəyə yaxın olacaq. Peykin bu cür unikal imkanlarının olması, bizə Günəş qütblərinin görüntülərini çəkmək, Günəşi yüksək enliklərdə öyrənmək, yerində və uzaqdan zondlama müşahidələrini birləşdirərək ulduzumuzun necə yaşamasının sirrini açmaq, gələcəkdəki kosmik tədqiqatlar zamanı yeni yüksək temperaturda çalışan texnologiyalardan istifadə etmək, Avropanı ilk dəfə Merkuri planetinin orbitinə çıxarmaq və kosmik havanı daha yaxşı başa düşmək üçün Günəş-Yer əlaqələrini daha dərindən araşdırmağa imkan verəcəkdir.

Avropa Kosmik Agentliyi tərəfindən peykin kosmosa buraxılmasının izlənməsi, uçuş direktoru və  uçuşu idarə edən heyyətlə görüş üçün müsabiqə yolu ilə astrofiziklər, mühəndislər  və aparıcı media nümayəndələrindən ibarət 30 nəfərlik nümayəndə heyyəti seçilmişdir. Həmin tədbirdə AMEA N.Tusi adına Şamaxi Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin elmi işçisi Famil Mustafa da dəvət alanlar sırasında olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.