Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Yan 16, 2020 | 12:01 / ASTRO SEMİNARLAR

Yanvarın 16-da, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən a.ü.f.d Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının doktorantı Sərxan Bağırlı "GAIA arxivi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Avropa Kosmik Agentliyinin Süd yolu qalaktikasını tədqiq etmək üçün 19 dekabr 2013-cü ildə kosfik fəzaya göndərilən GAIA kosmik aparatından bəhs edib. O, qeyd edib ki, "GAIA"nın 2013-2022-ci il aralığında tədiqatla məşğul olması nəzərdə tutlub ki, bu missiyanın da əsas hədəfi bizim qalaktikanın 3 ölçülü xəritəsini çəkmək, bir milyarddan çox obyekt haqqında kataloq hazırlamaqdır. Bu kosmik gəmimin beş il ərzində hər obyekti ən azı 70 dəfə müşahidə edəcəyi planlaşdırılmışdır. 

Kosmik gəmi 2 optik teleskop, mavi və qırmızı fotometr, 106 CCD, radial sürət spektrometri, 1 milyard piksellik kameradan ibarətdir. Yerdən 1.5 milyon km məsafədə laqranj librasiya orbitindədir. İcraçılar Almaniyada yerləşən Avropa kosmik əməliyyatlar mərkəzi və İspaniyada yerləşən Avropa kosmik astronomiya mərkəzidir. GAIA misiyasında Avropanın 20 ölkəsini əhatə edən 450 alimdən ibarət tədqiqat qrupu fəaliyyət göstərir.
 
Sərxan Bağırlı bildirib ki, tədqiqat məlumatlarının ilk dərci 14 sentyabr 2016-cı ildə edilib. İkinci dərc 25 aprel 2018, üçüncü isə 2020 və 2021-ci illərdə nəzərdə tutulub. Ümumi dərc olunan məlumatlara görə 1 milyarda yaxın obyektin parallaksı, məxsusi hərəkəti, mövqeyi və digər parametrləri yüksək dəqiqiliklə təyin olunub.
 
Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.